"Səbail" və "Şamaxı" üçün son iki tur daha gərgin keçəcək

post-img

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tur start götürəcək. Ölkə çempionatının bitməsinə iki həftə qalmış artıq ilk pillədəki komandalar üçün hər şey həll olsa da, son sıradakı klublar üçün mübarizə əvvəlki turlardan daha gərgin və həyəcanlı xarakter almağa başlayıb. 

Belə ki, ölkə çempionatını yaxından izləyən hər kəs yaxşı bilir ki, cari mövsümdə 10-cu dəfə Azərbaycan çempionu olan Ağdamın "Qarabağ" klubu qızıl medalları özü üçün təmin etməklə yanaşı, UEFA Çempionlar Liqasında iştirak hüququna da sahib olub. Yeri gəlmişkən, “köhlən atlar" indiyədək Premyer Liqada  4 dəfə gümüş, 3 dəfə də bürünc medala sahib olublar.  Ölkə çempionatını dümək olar ki, ikinci pillədə başa vurmağa çox yaxın olan "Sabah" klubu isə tarixində ilk dəfə gümüş medal alacaq. 

Premyer Liqada indiyədək ən çox medal qazanmış Azərbaycan futbolunun flaqmanı  “Neftçi” klubu isə bu mövsümü üçüncü yerdə başa vurmaqla, 7-ci dəfə çempionatın bürünc medalını qazanacaq. Yeri gəlmişkən,  "Neftçi" 9 dəfə Premyer Liqada qızıl, 5 dəfə isə gümüş medala yiyələnib. 

İndi isə bir qədər əvvəl yuxarıda qeyd etdiyim mövzuya toxunmaq istəyirəm. Belə ki, ölkə çempionatında turnir cədvəlində son yerləri bölüşən "Səbail" və "Şamaxı" klubları üçün son iki tur həlledici sayılır. Belə ki, hazırda  doqquzuncu sıradakı "Səbail" klubunun 25, sonuncu yerdəki "Şamaxı" komandasının isə 24 xalı var. Bu baxımdan hər iki komanda üçün Premyer Liqada qalmaq üçün 1 xal belə böyük önəm kəsb edir. Bu baxımdan da yuxarıda qeyd etdiyim kimi son iki tur--XXXV və XXXVI  turun görüşləri bu komandalar üçün ölüm dirim mübarizəsi sayılır. Belə ki, 9-cu sıradakı "Səbail" son iki turda məğlub olarsa, və yaxud bir matçda məğlub olub digər matçda heç-heçə edib və ya qələbə qazanarsa, bu,  komanda üçün qənaətbəxş sayıla bilər. Lakin nəzərə alsaq ki, son iki qarşılaşmanın biri  "Şamaxı" ilə olacaq onda vəziyyətin nə dərəcədə gərgin olduğunu deməyə ehtiyac qalmır.

Gələk "Şamaxı"ya. Belə ki, son pillədə qərarlaşan "Şamaxı" klubunun 24 xalı var. Əgər komanda son iki qarşılaşmadan birini heç-heçə edib, birində qələbə qazanarsa və yaxud son iki oyunda qalib gələrsə, bu durumda "Səbail"in istənilən məğlubiyyəti onu yenidən autsayderə çevirəcək. Çünki bu komandaların keçirdikləri ümumi oyunlardakı top fərqinə və digər göstəricilərə görə, heyəti tam yerli futbolçulardan təşkil olunan "Şamaxı" daha üstün vəziyyətdədir. Təbii ki, bütün bunlar bizim versiyalardır.

İndi isə keçək bu komandaların son iki qarşılaşmalarına. XXXV  turda "Səbail" səfərdə "Turan Tovuz"la, XXXVI  turda doğma divarlar arasında "Şamaxı" ilə qarşılaşacaq
Əgər Tovuz səfərində komanda xal qazana bilməsə, "Şamaxı" ilə qarşılaşmada artıq çox çətin vəziyyətlə üzləşəcək. Çünki Premyer Liqada qalmaq uğrunda mübarizədə "Şamaxı" klubunun əzmkar oyunları hər kəsə yaxşı bəllidir. "Şamaxı" isə XXXV turda evdə "Qəbələ"ni qəbul edəcək. Əgər komanda doğma meydanda qələbə və ya heç-heçə edərsə, sonuncu XXXVI turda "Səbail"lə görüşdə məsələni daha asanlıqla həll edə bilər. Çünki bu mövsüm heç də yaxşı formada olmayan "Səbail" keçirdiyi qarşılaşmaların əksəriyyətində uğur qazana bilməyib. Yeri gəlmişkən, cari mövsümdə Premyer Liqanın XIX turunda "Şamaxı" klubu "Səbail"i 2:1 hesabı ilə məğlub edib. Bu da komandaların qarşılaşmasında bölgə təmsilçisinin daha avantajlı durumda olmasını göstərir.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman