Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçirilir. Günün ilk matçı Niderlandda “Feyennord” və “Roma” klubları arasında baş tutub.
Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb. İlk hissə demək olar ki, qarşılıqlı hücumlar şəklində keçib. Eyni zamanda, komandalar kəşfiyyat xarakterli hücumlarla uzaq məsafədən müdafiənin arxasına atılan toplarla bir-birinin boşluğunu tapmağa çalışıblar. Hətta birinci hissənin sonlarına yaxın, 43-cü dəqiqədə "Roma" klubu 11 metrlik cərimə zərbəsi qazanıb. Lakin Pelleqrini bu fürsətdən yararlana bilməyib. Beləliklə, ilk hissə qolsuz heç-heçə ilə bitib.
İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Nəhayət, 54-cü dəqiqədə Niderland təmsilçisi "Roma"nın qapısına yol tapıb. Wiefferin qolu ilə önə keçən "Feyenord" sonadək bu hesabı qorumağı bacarıb. Matç meydan sahiblərinin minimal hesablı (1:0) hesablı qələbəsi ilə başa çatıb.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"