Bosniya və Herseqovinanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, Rəyasət Heyətinin Sədri və üzvləri ilə görüşləri, imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə və iki ölkə rəhbərlərinin mətbuata bəyanatlarında söylədikləri fikirlər ilə bağlı silsilə məqalələr yayımlayıb.
AZƏRTAC xəbər verir ki, FENA informasiya agentliyinin yaydığı xəbərlərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin Sarayevo şəhərinin Musala meydanında Prezident İlham Əliyevi rəsmi mərasimlə qarşıladığı bildirilib. Azərbaycan Prezidentinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşdüyü, həmçinin geniş tərkibdə görüşün keçirildiyi qeyd edilib. Bundan başqa, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb, bu sənədin ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün geniş imkanlar açdığı bildirilib.
“Faktor.ba”, “atvbl.rs”, “centralna.ba” nəşrlərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin mətbuata bəyanatına istinad edilərək, İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edən zaman Bosniya və Herseqovinanın qətiyyətli şəkildə ölkəmizi dəstəklədiyini vurğuladığı bildirilib. Bunun dostluq və qardaşlıq mövqeyi olduğu, Azərbaycanın da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi qeyd edilib.
“Danas.rs” saytında yayımlanan məqalədə Azərbaycan ilə Bosniya və Herseqovina arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
“Avaz.ba” nəşrində dərc edilən məqalədə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verilib. Aparılan fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlindiyi, əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyi bildirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin iki ölkənin əməkdaşlığında yeni səhifə açıldığını və daha səmərəli əməkdaşlığa başlandığını bildirdiyi qeyd edilib.
“Radiosarajevo.ba”, “startbih.ba”, “6yka.com” nəşrlərinin yaydığı xəbərlərdə Bosniya və Herseqovinada Azərbaycan səfirliyinin açılmasının əhəmiyyəti qeyd olunub, Bosniya və Herseqovinanın Bakıda səfirliyinin açılması barədə qərar verildiyi bildirilib. Məqalələrdə Bosniya və Herseqovina ilə Azərbaycanın hazırda praktiki əməkdaşlığa başladığı qeyd olunub.
“Klix.ba” və “Oslobodjenje.ba” saytlarında yayımlanan məqalələrdə Prezident İlham Əliyevin iki ölkə arasında energetika sahəsində çox geniş imkanların olduğunu qeyd etdiyi bildirilib. Müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağı, iqtisadi sahədə daha məqsədyönlü işlərin görüləcəyi, Birgə İqtisadi Komissiyanın yaradılması haqqında qərarın qəbul edildiyi, həmçinin konkret layihələr üzrə işçi qrupunun yaradılmasının razılaşdırıldığı vurğulanıb.
“Politika.rs” portalının yaydığı materialda Prezident İlham Əliyevin mətbuata bəyanatına istinad edilərək, Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla bütün məsələlərdə Bosniya və Herseqovinanı dəstəklədiyi qeyd olunub. İki ölkənin münasibətlərində yeni səhifənin açıldığı, Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin genişlənəcəyi bildirilib.
“Balkannews.ba”, “Bosnaglobal.net”, “Tip.ba”, “Etto.ba” saytlarında Azərbaycanın Bosniya və Herseqovina üçün çox mühüm ölkə olduğu, hər iki ölkənin paytaxtları - Bakı və Sarayevonun 1972-ci ildə qardaşlaşdığı, həmçinin ölkələrimiz arasında nəqliyyat, energetika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilib. Bosniya və Herseqovina ilə Azərbaycanın çoxkonfessiyalı ölkələr olduğu, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
“N1info.ba” saytında dərc edilən yazıda Azərbaycanın hər hansı bir çətinlik baş verən vaxtda hər zaman Bosniya və Herseqovinanın yanında olduğu bildirilib. Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqın zamanı, eləcə də pandemiya dövründə yardım göstərdiyi qeyd olunub. Azərbaycanın Bosniya və Herseqovinanın bəzi şəhərlərində infrastruktur layihələri həyata keçirdiyi, Banya Luka şəhərində tibb mərkəzinin yaradıldığı, Sarayevoda dostluq parkının salındığı və tibb müəssisəsinin təsis edildiyi bildirilib.
“Slobodna-bosna.ba” saytında yayımlanan məqalədə Bosniya və Herseqovina ilə Azərbaycanın imzalanan Bəyannamə ilə strateji tərəfdaşa çevrildiyi, daha sıx siyasi dialoqun və səmərəli iqtisadi əməkdaşlığın yaradıldığı vurğulanıb. Prezident İlham Əliyevin iki ölkə münasibətlərində yeni səhifənin başladığını qeyd etməsi, strateji tərəfdaşlıq haqqında Bəyannamədə gələcək inkişafın istiqamətlərinin göstərildiyini bildirməsi qeyd olunub.