Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. REİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – ETSN) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. REİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. REİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların REİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların REİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-nin sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. REİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. REİS-in texniki-texnoloji infrastrukturu
2.1. REİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, REİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə REİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. REİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına uyğun olaraq REİS-in telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. REİS-in fəaliyyətinin təşkili üçün qurumdaxili telekommunikasiya qurğuları və kanalları – ETSN-nin struktur bölmələri tərəfindən;
2.4.2. REİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. REİS-də formalaşdırılan, REİS-ə daxil edilən və ötürülən məlumatlar REİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli REİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən REİS-dən istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə REİS, o cümlədən REİS-də toplanılan məlumatlar, eləcə də REİS-in və həmin məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. REİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. REİS-in altsistemləri
3.1. REİS-in altsistemləri aşağıdakılardır:
3.1.1. “Meşə” altsistemi
3.1.2. “Ekoloji təhlükəsizlik” altsistemi
3.1.3. “Ekoloji ekspertiza” altsistemi
3.1.4. “Ekoloji monitorinq” altsistemi
3.1.5. “Tullantıların idarə olunmasına dövlət nəzarəti” altsistemi
3.1.6. “Bioloji müxtəliflik” altsistemi
3.1.7. “Hidrometeorologiya” altsistemi
3.1.8. “Geologiya” altsistemi
3.1.9. “Geodeziya və kartoqrafiya” altsistemi
3.1.10. “Yaşıllaşdırma və landşaft quruluşu” altsistemi
3.1.11. “İqlim” altsistemi
3.1.12. “Laboratoriya” altsistemi
3.1.13. “Vətəndaş müraciətləri ilə iş” altsistemi.
3.2. REİS-in altsistemləri təyinatı üzrə müvafiq sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanılmasını və emalını, REİS-in inteqrasiyasını, monitorinq və təhlil aparılmasını, proqnozlar hazırlanmasını və müvafiq sahədə elektron xidmətlər göstərilməsini təmin edir.
3.3. REİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.3.1. “Meşə” altsistemi vasitəsilə – Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun olaraq xidmətlərin elektronlaşdırılması, meşə quruluşu, meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, bərpası ilə əlaqədar məlumatların toplanılması və sistemləşdirilməsi, habelə dövlət meşə kadastrının aparılması;
3.3.2. “Ekoloji təhlükəsizlik” altsistemi vasitəsilə – ETSN-nin fəaliyyət istiqamətlərinə uyğun, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar aşkar edildikdən sonra bununla bağlı tədbirlər görülməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əlamətləri aşkarlandıqda isə aidiyyəti üzrə məlumatların təqdim edilməsi, ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi proseslərinin idarə olunması, həmçinin ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş məlumatların toplanılması və sistemləşdirilməsi;
3.3.3. “Ekoloji ekspertiza” altsistemi vasitəsilə – “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Lisenziyalar və icazələr haqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən xidmətlərin elektronlaşdırılması, sənədlər üzrə məlumatların toplanılması və sistemləşdirilməsi;
3.3.4. “Ekoloji monitorinq” altsistemi vasitəsilə – “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ETSN-nin fəaliyyət istiqamətləri üzrə keçirilən monitorinqlərlə əlaqədar məlumatların toplanılması, emalı və sistemləşdirilməsi;
3.3.5. “Tullantıların idarə olunmasına dövlət nəzarəti” altsistemi vasitəsilə – “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tullantıların əmələ gəldiyi fəaliyyət prosesinə, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyətə nəzarət çərçivəsində əldə edilmiş məlumatların toplanılması və sistemləşdirilməsi;
3.3.6. “Bioloji müxtəliflik” altsistemi vasitəsilə – “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Lisenziyalar və icazələr haqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq xidmətlərin elektronlaşdırılması, bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, monitorinqi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının, ekoturizmin inkişafı üzrə məlumatların toplanılması və sistemləşdirilməsi, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin, dövlət ovçuluq kadastrının, heyvanlar aləminin dövlət kadastrının aparılması;
3.3.7. “Hidrometeorologiya” altsistemi vasitəsilə – “Hidrometrologiya fəaliyyəti haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hidrometeoroloji məlumatların toplanılması, monitorinqi və sistemləşdirilməsi;
3.3.8. “Geologiya” altsistemi vasitəsilə – “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ETSN-nin yerin təki sahəsində fəaliyyəti ilə bağlı məlumatların toplanması və sistemləşdirilməsi, geoloji informasiyanın rəqəmsal idarə edilməsi ilə bağlı proseslərin aparılması;
3.3.9. “Geodeziya və kartoqrafiya” altsistemi vasitəsilə – “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya işlərinin təşkili ilə bağlı məlumatların və onların nəticəsi olan elmi-texniki materialların, rəqəmsal kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılması, ETSN-nin fəaliyyət istiqamətlərinə uyğun məkan məlumatlarının toplanılması və sistemləşdirilməsi;
3.3.10.“Yaşıllaşdırma və landşaft quruluşu” altsistemi vasitəsilə – yaşıllaşdırma sahəsinə dair məlumatların toplanılması və sistemləşdirilməsi;
3.3.11. “İqlim” altsistemi vasitəsilə – atmosfer havasına atılan istixana effekti yaradan qazlara dair məlumatların toplanılması, monitorinqi və sistemləşdirilməsi;
3.3.12. “Laboratoriya” altsistemi vasitəsilə – kimyəvi, bioloji, radioloji, geoloji analizlərin aparılması fəaliyyəti ilə bağlı məlumatların toplanılması və sistemləşdirilməsi;
3.3.13. “Vətəndaş müraciətləri ilə iş” altsistemi vasitəsilə – müxtəlif kommunikasiya kanalları (e-poçt, çağrı mərkəzi, sosial şəbəkə hesabları) ilə ETSN-yə müraciət etmiş şəxslərin müraciətlərinə dair məlumatların “Vətəndaşların müraciətləri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq toplanılması, cavablandırılması və sistemləşdirilməsi.
4. REİS-ə ötürülən məlumatlar
4.1. REİS-ə ötürülən məlumatlar aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları (şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, qeydiyyat ünvanı, fotoşəkli, FİN-i);
4.1.2. ov silahından istifadəyə dair icazə sənədinin məlumatları (icazə sənədinin nömrəsi, qeydiyyat tarixi, etibarlılıq müddəti, silahın markası, nömrəsi, kalibri, istehsal tarixi);
4.1.3. vergi ödəyicisi barədə məlumatlar (VÖEN, hüquqi şəxsin adı);
4.1.4. şəxsin pensiya və qüvvədə olan əmək müqaviləsi üzrə məlumatlar (şəxsin pensiyaçı olub-olmaması barədə məlumat, şəxsin qüvvədə olan əmək müqaviləsi üzrə cari iş yeri barədə məlumat).
4.2. REİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.3. REİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.4. REİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
5. REİS-dən istifadə qaydası
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların REİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin REİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən REİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
5.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə REİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq REİS-dən istifadə edirlər.
5.4. “Elektron xidmətlər” portalı vasitəsilə ETSN-nin fəaliyyəti ilə bağlı elektron xidmətlərin göstərilməsi, müraciətlərin normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə qəbulu və aidiyyəti üzrə yönəldilməsi, habelə müraciət etmiş fiziki və hüquqi şəxslərə nəticənin təqdim edilməsi ilə bağlı proseslərin idarə olunması təmin edilir.
5.5. REİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə REİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödəniş edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.6. REİS vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin REİS-in fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. REİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. REİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. REİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən REİS-də toplanılan, işlənilən və mühafizə edilən fərdi məlumatların (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların REİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. REİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə REİS-ə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və testetmə imkanlarını təmin etmək;
6.1.5. REİS-in informasiya təhlükəsizliyini XRİTDX, operator, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.6. REİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-ya, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. REİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. REİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. REİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. REİS-ə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların REİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) REİS-ə daxil etmək;
6.1.16. REİS-dən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. REİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. REİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. REİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. REİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. REİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. REİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. REİS-in informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;
7.1.2. REİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. REİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. REİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. REİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. REİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində, sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə həmin informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. REİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə REİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) REİS-ə daxil etmək;
7.1.9. REİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. REİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. REİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üçün profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında REİS-də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. REİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. REİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. REİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);
7.1.17. aidiyyəti qurumların REİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. REİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. REİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. REİS-lə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. REİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər REİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya ehtiyatlarına və sistemlərinə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. REİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. REİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə REİS-ə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. REİS-dən, habelə REİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. REİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun REİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. REİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. REİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. REİS-in təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin REİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. REİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. REİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. REİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.