Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi QAYDASI
Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəa
1.1. Bu Qayda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra – kredit təşkilatları) manatla aldıqları kreditlər üzrə onlara Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) vasitəsilə faiz subsidiyalarının verilməsinə dair tələbləri, müraciət qaydasını, faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri tənzimləyir.
1.2. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına həyata keçirilir.
2. Faiz subsidiyasının verilməsi şərtləri
2.1. Faiz subsidiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr (bundan sonra – layihə) üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təsdiqedici sənədi əsasında sahibkarların 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir.
2.2. Faiz subsidiyası məbləği 1 (bir) milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 (altı) faiz bəndi həcmində və 72 (yetmiş iki) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 6 (altı) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.
2.3. Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq rüblük əsasda ödənilir.
2.4. Faiz subsidiyası aşağıdakı hallarda verilmir:
2.4.1. layihə bu Qaydanın 2.1-ci bəndində göstərilən məqsədlər üçün həyata keçirilmədikdə;
2.4.2. sahibkar subsidiya üçün müraciət edən kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;
2.4.3. sahibkarın nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.
2.5. Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.
3. Kreditin və faiz subsidiyasının verilməsi üçün müraciət
3.1. Sahibkar kredit almaq üçün kredit təşkilatına müraciət edir.
3.2. Kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkar barədə məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən əldə edir və sahibkarın bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır və müvafiq qərar qəbul edir.
3.3. Kredit təşkilatı müsbət qərar verilmiş layihənin maliyyələşdirilməsini həyata keçirir və bu barədə Fonda 2 (iki) iş günü müddətində rəsmi məlumat verir.
3.4. Sahibkar kredit aldıqdan sonra faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarların aşağıdakı sənədlərini 10 (on) iş günü müddətində Fonda təqdim edir:
3.4.1. sahibkarın müraciətini, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;
3.4.2. sahibkarın təsis sənədlərini, VÖEN-ini, hüquqi şəxsin icra orqanın rəhbərinin və ya fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədi;
3.4.3. kredit müqaviləsinin və ödəniş qrafikinin surətini;
3.4.4. kredit hesabatını;
3.4.5. sahibkarın rekvizitlərinə, alınmış kreditə və tələb olunan subsidiya məbləğinə dair məlumatı;
3.4.6. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş və sahibkarın layihə çərçivəsində nəzərdə tutulmuş işləri başa çatdırmasını təsdiq edən arayışı və ya məktubu.
3.5. Fond 5 (beş) iş günü müddətində sahibkara faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir.
3.6. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 (iki) iş günü müddətində sahibkara sifarişli poçt göndərişi vasitəsilə bildirir.
4. Faiz subsidiyasının ödənilməsi
4.1. Kredit təşkilatı hər rüb üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti 2025-ci il yanvarın 1-dən etibarən hər rüb başa çatdıqdan sonra növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir.
4.2. Fond bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə kredit təşkilatının hesabına köçürür:
4.2.1. bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – ödəniş qrafikində göstərilən məbləğdə;
4.2.2. bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.
4.3. Sahibkara krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.
4.4. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hesabatda kredit təşkilatı tərəfindən təhrif olunmuş məlumatların təqdim edilməsi aşkarlandıqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır.
4.5. Faiz subsidiyası yalnız bu Qaydanın 3.4.5-ci yarımbəndində nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.
5. Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi
5.1. Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarın həmin kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkar arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır.
5.2. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür.
5.3. Aşağıdakı hallarda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilir:
5.3.1. sahibkarın tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;
5.3.2. iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
5.3.3. sahibkar fəaliyyətini dayandırdıqda, bu fəaliyyətə xitam verdikdə və ya onun bu fəaliyyətlə məşğul olmaq hüququ qanunla müəyyənləşdirilmiş qaydada ləğv edildikdə;
5.3.4. müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda.
5.4. Bu Qaydanın 5.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hal barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 (üç) iş günü müddətində həmin təşkilat Fonda sifarişli poçt göndərişi vasitəsilə məlumat verir.