Bu nəşrlər Azərbaycan elminə nə qazandırır?
İndi elm adamları və tədqiqatçılar arasında beynəlxalq indeksli jurnallarda məqələ çap etdirmək o qədər aktuallaşıb ki, elm sahəsində çalışan hər bir alim üçün məqsədə çevrilib. Doğrudan da beynəlxalq elmi cəmiyyətlər tərəfindən tanınmış jurnallarda dərc olunmaqla beynəlxalq arenaya çıxmaq və digər tədqiqatçılar tərəfindən asanlıqla tapıla, oxuna və sitat gətirilə bilən vasitədir. Həmçinin, bu, akademik karyera və elmi reputasiya üçün də əhəmiyyətlidir, çünki indeksli jurnallarda dərc olunan işlər tez-tez elmi qiymətləndirmələrdə, məsələn, professorluq, dissertasiya müdafiəsində və elmi layihə müraciətlərində nəzərə alınır.
Bu sahədə elm adamları və tədqiqatçıların daha geniş məlumatlandırılması üçün BDU-nun kafedra müdiri, professor Arif Səlimovun məqləsini təqdim edirik.
Beynəlxalq indeksli jurnallarda dərc olunmanın önəmi bir neçə cəhətdə özünü göstərir. Bu jurnallar ciddi ekspert rəyindən keçir, bu da məqalənin etibarlılığını təmin edir. Məqalə dünya elmi ictimaiyyətinə açıq olur və digər tədqiqatçılar tərəfindən sitat gətirilə bilər. Nəticədə, belə bir məqalənin dərc olunması akademik dəyər qazanmağa kömək edir və elmi dərəcə, elmi ad və elmi layihələr üçün göstərici kimi istifadə olunur.
Beynəlxalq indeksli jurnallarda məqalələrin çap olunması, həm də ölkənin elmi səviyyəsini dünyaya tanıtmaq və tədqiqatçıların fəaliyyətini artırmaq üçün önəmli alətlərdən biridir. Lakin hər jurnal elmi keyfiyyət və prestiji ilə yüksək səviyyəyə malik deyil. Bəzi pullu və sürətli nəşr edilən jurnallarda məqalələrin çap olunması elmi potensialın imicinə heç də xeyir vermir və uğur gətirmir.
Azərbaycan alimlərinin yalnız məhdud bir qismi beynəlxalq elmi mühitdə yüksək nüfuza malik jurnallarda keyfiyyətli araşdırmalarını dərc etdirməklə ölkənin elmi reputasiyasının güclənməsinə töhfə verir. Digər bir qrup tədqiqatçı isə əsasən pullu jurnallara yönəlməklə formalaşmaqda olan müsbət imicə real və davamlı təsir göstərə bilmirlər.
Bu baxımdan, alimlərin çap fəaliyyətlərinin təhlili və təlimatlandırılması vacibdir. Mətbutda dərc edilən əvvəlki yazılarda məsləhət olunmayan jurnalları üç və dördüncü sinfə ayırmış və ictimaiyyətlə paylaşmışdıq. İndi isə diqqəti 3-cü sinfin ən “parlaq” nümunəsi olan MDPI (Çoxşaxəli Rəqəmsal Nəşriyyat İnstitutu) jurnalları haqqında məlumat vermək istəyirəm.
MDPI jurnalları İsveçrədə mərkəzləşmiş və açıq şəkildə pul qarşılığında məqalə çap etdiklərini bildirən bir qurumdur. Onların 100-ə yaxın jurnalı Web of Science-da, 300-ə yaxın jurnalı isə Scopus-da indekslənmişdir. Sürətli çap imkanları və aşağı giriş baryerləri bu jurnalları bəzi tədqiqatçılar üçün cəlbedici edir. Lakin dünyanın bir sıra qabaqçıl ölkələri MDPI jurnallarında çap olunan məqalələrə görə təşviq, mükafat, elmi dərəcə və adların verilməsində məhdudiyyətlər tətbiq etmişdir.
Azərbaycan alimlərinin MDPI jurnallarında fəaliyyətinin təhlili göstərir ki, 727 məqalə müxtəlif sahələrdə çap olunmuşdur və müəlliflər doktorantlardan professorlara qədər müxtəlif elmi səviyyələri əhatə edir (https://www.mdpi.com/search?sort=pubdate&page _count=100&year _from=1996&year_to=2025&authors=Azerbaijan&view=default). Eyni zamanda, bəzi məqalələrdə Azərbaycan universitetlərinin adının keçdiyi xarici müəlliflər də iştirak edir.
Düşünürəm ki, elm və təhsil qurumlarımız qeyd olunan məsələni ciddi şəkildə təhlil etməli, MDPI və buna bənzər jurnallarda Azərbaycan alimlərinin nəşr fəaliyyətinə obyektiv qiymət verməli, bu nəşrlərin ölkəmizin beynəlxalq elmi nüfuzuna təsirini ortaya qoymalı və müvafiq qurumlar üçün əsaslandırılmış strateji tövsiyələr hazırlamalıdır.
Arif SƏLİMOV
Əməkdar elm xadimi,
Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nin Riyaziyyat
və Mexanika üzrə Ekspert Şurasının sədri, BDU-nun "Cəbr və həndəsə"
kafedrasının müdiri, Fizika-riyaziyyat elmləri doktoru, professor



