Azərbaycan oftalmologiya elmi məktəbinin yaradıcısı akademik Zərifə Əziz qızı Əliyeva, akademik Larisa Konstantinovna Moşetova və professor Nina Borisovna Şulpinanın 1983-cü ildə rus dilində nəşr edilmiş “Oftalmologiyanın aktual problemləri” monoqrafiyası ilk dəfə olaraq ingilis dilinə professonal tərcümə edilmiş və yeni redaksiyada AMEA-nın “Elm” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır.
Monoqrafiya nəşrə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Elmar Qasımov tərəfindən hazırlanmış və elmi redaktə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2022-ci il tarixli “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 22 noyabr 2022-ci il tarixli 21/2 saylı qərarına əsasən nəşr edilmiş monoqrafiyaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və müəlliflərdən biri – Rusiya Fasiləsiz Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti akademik Larisa Moşetova ön söz yazmışlar.
Bu qiymətli əsər oftalmologiyanın aktual problemlərinə həsr olunmuş beş bölməni: həkimin mənəvi tərbiyəsi, deontologiya məsələləri, tibbi etika və əxlaq, göz biomikroskopiyasının müasir aspektləri, göz virologiyasının əsasları, görmə orqanının zədələnmələri və göz mikrocərrahiyyəsinin propedevtikası məsələlərini əhatə edir. Müəlliflər oftalmoloqlar üçün təkmilləşdirmə və ixtisasartırma üzrə vahid proqramın və metodik göstərişlərin tələblərinə uyğun olaraq, ixtisasın nəzəriyyəsi və praktikasında əldə olunmuş nailiyyətləri, eləcə də öz elmi töhfələrini işıqlandırmışlar.
“Oftalmologiyanın aktual problemləri” monoqrafiyasının ingilis versiyası oftalmoloqlar, tibb ixtisasartırma institut və fakültələrinin müəllimləri, eləcə də ingiliscə təhsil alan tələbələr üçün qiymətli vəsait olacaqdır.