Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024–cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir. Rektor İlham Mədətov şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün İmtahan Qərargahına daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldıralacağına əminliyini bildirib. Deyib ki, ATMU-da imtahan qiymətləndirilməsindən narazı qalan tələbələrdən ötrü Apellyasiya Komissiyasının yaradılıb və “Qaynar xətt” gün ərzində açıqdır.
Qeyd etmək lazımdır ki, ATMU-da bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası 31 may tarixində başlayıb 5 həftə müddətində, qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10–14 iyun tarixlərində keçirilir. ATMU-da 3 fakültə üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan ümumi 1413 tələbə yay imtahan sessiyasına qatılıb. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunub. Üzrlü səbəblərdən sessiya imtahanında iştirak etməyən tələbələr isə 3–5 iyun tarixlərində imtahan verə biləcəklər. Buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyası iyun aynın 25-də keçiriləcək.
İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 24 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq universitetin Təhsildə qiymətləndirmə şöbəsi tərəfindən, o cümlədən, dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının opeartiv nəzarət, tələbələrin biliyinin qiymətləndiriməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da yaradılan İmtahan Qərargahının sədri rektor İlham Mədətov, müavinləri – prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. Rektor, qərərgahın üzvləri və valideynlər imtahan sessiyasının gedişinə nəzarət edirlər.
Z.HÜSEYNOVA
XQ