Azərbaycan ilə Belarus arasında əməkdaşlıq yüksələn xətlə davam edir. Bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Belarusa rəsmi səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində daha bir addım oldu.
Bu fikirlər Belarusun “Respublika” qəzetinin 13 iyun tarixli nömrəsində dərc olunmuş “Strateji tərəfdaşlıq səviyyəsində iqtisadi əməkdaşlıq” sərlövhəli məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının 31 ili iyunun 11-də tamam olub. Lakin Minsklə Bakı arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin tarixi daha qədimdir. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana son dövlət səfəri zamanı qeyd edib ki, ölkələrimizin qarşılıqlı iqtisadi-ticari əlaqələrinin, sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir.
Belarus parlamentinin Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Mixail Rusıy hesab edir ki, bunun üçün çox yaxşı imkanlar var. Belarusun köməyi ilə Azərbaycanda Gəncə avtomobil zavodunda kənd təsərrüfatı üçün traktorların istehsalı təşkil olunub. Həmçinin Belarus - Azərbaycan - Türkiyə marşrutu üzrə yükdaşımaların həcminin artırılması istiqamətində növbəti addım atılıb. Düşünürəm ki, artıq çoxsahəli və mərhələli yanaşmalara keçməyin vaxtı çatıb. Çünki, ölkələrimiz arasında kənd təsərrüfatı, qarşılıqlı ticarət, enerji, müdafiə kompleksi sahəsində bir çox məsələlər öz həllini tapıb.
Məqalədə Azərbaycanın “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin fikirlərinə də geniş yer verilib. Baş redaktor bildirib ki, postsovet məkanında Azərbaycan ilə Belarus kimi yaxın və dost olan iki ölkə tapmaq çətindir. Hələ sovet dövründə iki xalq arasında yaranmış qardaşlıq münasibətləri nəinki qorunub saxlanılıb, həm də xeyli möhkəmləndirilib. Bu gün Azərbaycan ilə Belarus arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkənin prezidentlərinin – İlham Əliyevin və Aleksandr Lukaşenkonun sıx dostluq əlaqələri və səmimi münasibətləri uğurların qazanılmasında əsas rol oynayır. Yüksək səviyyəli səfərlər, imzalanmış çoxsaylı sənədlər və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət bu dostluğun möhkəmliyini, davamlı olduğunu nümayiş etdirir. Azərbaycan və Belarusun sıx əməkdaşlığı və strateji tərəfdaşlığı təkcə ikitərəfli səviyyədə deyil, regionda da sabitlik və rifaha xidmət edir.
Belarus Parlamenti Şurasının üzvü, «Konte Spa» MMC-nin inkişaf üzrə direktor müavini Valentin Bayko da bu mövqeylə həmrəydir. Onun fikrincə, dövlətlərarası fəal dialoq sayəsində iqtisadi-ticari əməkdaşlıq sahəsində bir sıra konkret layihələrin həyata keçirilməsi mümkün olub. Tərəflərin böyük gözləntiləri istehsal kooperasiyasının inkişafı ilə bağlıdır. İqtisadi, maliyyə və investisiya fəaliyyəti üçün əlverişli şərait mövcuddur. Nəqliyyat və tranzit sahələrinə güclü qarşılıqlı maraq vardır. Kənd təsərrüfatı, qida məhsullarının istehsalı, logistika, turizm, əczaçılıq, İT texnologiyaları, investisiya sahələri əməkdaşlığı perspektivli istiqamətləridir. Standartlaşdırma, rəqəmsal televiziyanın inkişafı, elektrik rabitə şəbəkələrinin modernləşdirilməsi, telekommunikasiya avadanlıqları, informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində birgə fəaliyyətə hər iki ölkədə qarşılıqlı maraq var.
Məqalə bu fikirlə tamamlanır: “Əminik ki, tərəflərin iddialı planlarını həyata keçirmək üçün imkanları çoxdur”.