Alimlər uzun illərdir kosmosa qulaq asır, ağıllı sivilizasiyalardan gələn siqnalları axtarır. Axtarışlar hələlik uğursuz olsa da, onlar heç vaxt ruhdan düşməyiblər. Kainatı öyrənmək üçün daha təkmil vasitələr yaradıblar. Nəhayət, bu yaxınlarda neytron ulduzların birindən gələn sirli siqnalı qeydə alıblar.
Bu siqnal ağıllı sivilizasiyaya aid olmasa da, gələcək araşdırmaların aparılması üçün önəm daşıyır. Radiasiyanın özü isə qalaktikamızın dərinliklərindən, Yerdən, təxminən, 15 min 820 işıq ili məsafədə, Süd Yoluda yerləşən ASKAP J1935+2148 adlı neytron ulduzdan gəlib.
Astronomlar qeyd ediblər ki, ASKAP J1935+2148-dən gələn siqnallar unikaldır və əvvəllər məlum olanlardan fərqlidir. Bəlli olub ki, ulduz güclü və zəif impulslarda, ümumiyyətlə, impulsların olmadığı müddətdə dövrilik nümayiş etdirir. O hər 53,8 dəqiqədən bir radio siqnalı yayır.
Tədqiqat qrupunun rəhbəri, Sidney Universitetindən astrofizik Manişa Kaleb qeyd edib ki, bu dəyişikliklərin səbəbi hələ də məlum deyil. “Bu, maraq doğurur, çünki o, neytron ulduzlarının təkamülünün mövcud modellərindən fərqlənir. Bu, onun təkamülünün bir mərhələsi ola bilər”.
Xatırladaq ki, neytron ulduzları kütləsi 8 ilə 30 Günəş kütlələri arasında dəyişən fövqəlnova partlayışından sonra əmələ gəlir. Ulduzun qalan nüvəsi cazibə qüvvəsinin təsiri altında dağılır və diametri cəmi 20 kilometr olan, lakin kütləsi Günəşinkindən bir neçə dəfə böyük olan cisim əmələ gətirir.
Neytron ulduzlarının isə bir neçə növü var: müntəzəm neytron ulduzları, pulsarlar və maqnitarlar. Pulsarlar qütblərindən radio impulslar yayır, maqnitarlar isə enerji püskürməsinə səbəb olan son dərəcə güclü maqnit sahələrinə malikdir.
PÜNHAN
XQ