Kosmik hava durumu və proqnozu açıqlanıb

post-img

Kosmik hava durumu. Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır. Maksimal aktivlik 3576 oblastında M9.04  və 3575 oblastında X3.38 alışmalar olmuşdur. Həftə ərzində alışmaların təsirindən ardıcıl olaraq Tac Kütlə Atılmaları, R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II-IV tip radioemissiya qeydə alınmışdır. Hazırda Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupunda 144 ləkə müşahidə olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika  Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 09-12 fevral tarixlərində yüksələrək S2 səviyyəli radiasiya qasırğası baş vermişdir (maks: 187 pfu). 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti artaraq 1104 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 19 nT, radial istiqamətdə isə  -15 nT  olmuşdur. 11 fevralda 40 nT geomaqnit impuls qeydə alınmışdır. Hal-hazırda Günəş küləyinin sürəti 494 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6 nT, radial istiqamətdə isə  4 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi 11 fevralda  qısa müdddətli G1 səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda Kp indeksi ~2-yə bərabərdir, lakin Günəş küləyinin sıxlığı artmışdır.

Kosmik hava proqnozu. Proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi  sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Anar ƏLİ
XQ

Elm