Mərkəzi Elmi Kitabxana Özbəkistanın elm ocaqları ilə əlaqələri genişləndirir

post-img

Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruzə Madrahimova və Mamun Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahsənəm Yoldaşovanın daxil olduğu özbək nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. Məqsəd tərəfdaşlıq əlaqələri qurmaqdır. 

MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxananın fəaliyyəti haqqında qonaqlara məlumat verib: “MEK ilə Özbəkistan kitabxanaları arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Kitabxana 41 ölkənin 104 təşkilatı ilə (kitabxana, elmi jurnal və s.) beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir. Həmin təşkilatların arasında Özbəkistan elmi qurumlarının xüsusi yeri var”.

Özbəkistanlı qonaqlara MEK-in Qarabağ müharibəsi qəhrəmanları, Diplomatik, eləcə də Nadir kitablar və Qiymətli nəşrlər fondlarındakı qədim və dəyərli nəşrlər, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin hədiyyə etdikləri kitablardan ibarət guşələr haqqında ətraflı məlumat verilib.

Kitabxanada yaradılan şəraiti yüksək dəyərləndirən qonaqlar qonaqpərvərliyə görə təşəkkür ediblər.

Görüş zamanı MEK ilə Özbəkistanın Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutu arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sazişində kitab sərgiləri təşkil etmək, birgə layihələr işləyib hazırlamaq və həyata keçirmək, qarşılıqlı maraq doğuran kitabxana-informasiya fəaliyyəti ilə bağlı müntəzəm sənəd və məlumatlar mübadiləsi aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, birgə materiallar dərc etmək və s. istiqamətlər nəzərdə tutulub.

Anar ƏLİ,

XQ

Elm