Azərbaycan Turizm və Menecment Universiteti Polşanın “Strike Plagiarism” antiplagiat şirkəti ilə görüş təşkil edib. Onlayn görüşdə ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli və antiplagiat şirkətinin regional direktoru Əli Təhməzov iştirak ediblər.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə aydınlıq gətirilib. Rektor İ.Mədətov ali təhsil müəssisəsində intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması, o cümlədən plagiatla mübarizə sahəsində qarşıya çıxan problemlərin elmi və hüquqi müstəvidə dəyərləndirilməsinin zəruriliyindən danışıb. Görüş iştirakçıları elmi tədqiqat işlərində köçürmə hallarına yol verilməməsinə tarixən ciddi məsələ kimi yanaşıldığını deyiblər. Bütün əsərlərin elektron formasının mövcudluğu səbəbindən elm sahəsində də "oğurluq"ların sayının çoxalmasına münasibət bildiriblər.
“Strike Plagiarism” şirkətinin regional direktoru Əli Təhməzov Polşada 2002-ci ildən fəaliyyətə başlayan şirkət tərəfindən müəllif hüquqlarının pozulması və intellektual mülkiyyətdən icazəsiz istifadəyə qarşı mübarizənin başlıca hədəf olduğunu bildirib.
Görüşdə süni intellekt tərəfindən yaradılan yeni mətn axtarış modulu, limitsiz yoxlama şərtləri detallı müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilcəyinə inamlarını ifadə ediblər.
Qeyd edək ki, ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq 2015-ci ildə ATMU ilə “Strike Plagiarism” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2024-cü ilin yanvar ayında növbəti müqavilənin imzalanması nəzərdə tutulur.
Z.BƏŞİRQIZI
XQ