Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Astanada Qazaxıstan Respublikası Milli Akademik Kitabxanasının direktoru Qazizə Kudaybergenkızı ilə görüşüb.
Görüşdə akademik Şahin Mustafayevə kitabxana fondu və türkologiya sahəsində aparılan elmi araşdırmalar haqqında məlumat verilib. Türkologiya sahəsinə aid kitabları və nadir dərslikləri diqqətə çatdıran kitabxana direktoru qeyd edib ki, bu qiymətli fondlar türk dillərini və yazılı mətnləri öyrənmək imkanı yaradır.
Akademik Şahin Mustafayev gələcəkdə türkologiya sahəsinə aid kitabların elektron variantlarının və kataloqlarının yaradılması işinə töhfə verməyə hazır olduğunu bildirib.
Görüşdə iki qurum arasında elmi əməkdaşlıq imkanları, o cümlədən birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.
Həmçinin tərəflər əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Memoranduma əsasən, birgə elmi fəaliyyətlər təşkil etmək, seminar və treninqlər keçirtmək, həmçinin mühüm məlumat, təcrübə və kitab mübadiləsi aparmaq nəzərdə tutulur.
Anar ƏLİ,
“Xalq qəzeti”