Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə əhalinin tullantıların düzgün idarə olunması barədə məlumatlandırılması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədilə 2024-cü ildən həyata keçirilən “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına maraq artmaqdadır.
ETSN-in mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, “Araz” supermarketlər şəbəkəsinin, “Ekspressbank”ın, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Azərsu parkı”nda vətəndaşların kütləvi iştirakı ilə ilin ilk festivalı keçirilib.
Ekoloji festivalda uşaqlar, gənclər, ailələr və yaşlı nəslin nümayəndələri fəal iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar ümumi tutumu 6 min 968 litr olan plastik butulka, 1038 litr olan şüşə tullantı və 1776 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival zamanı tullantıların təkrar emalının əhəmiyyəti, ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub. Eyni zamanda, interaktiv fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslər tədbirə xüsusi rəng qataraq uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.







