İqtisadçı-ekspert Samir Heydərov 29-cu iqlim konfransının yekunlarını şərh edərkən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılaşmanı yüksək dəyərləndirdi. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən biri həllini tapdı. Maddə üzrə razılaşmanın kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması kimi sahələri əhatə etdiyini vurğulayan ekspert bu məsələnin reallaşması ilə inkişaf etməkdə olan dünyada yeni investisiya dalğasının yaranacağını bildirdi. Eyni zamanda, həmin maddə üzrə yekdilliklə qəbul edilən qərarların ətraf mühitin bütövlüyünün təmin edilməsini şərtləndirdiyini dedi.
S.Heydərovun sözlərinə görə, bu qərarın yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin etməkdə, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı üzə çıxarmaqda önəmli rol oynayacağı gözlənilir. Ümumiyyətlə, bu istiqamətdə qəbul edilən təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını gerçəkləşdirmək üçün nəzərdə tutulur. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.
Karbon bazarlarının fəaliyyətinə “yaşıl” işıq yandırılmasının önəmini vurğulayan iqtisadçı-ekspert vurğulayıb ki, Paris Sazişinin 6.2 və 6.4-cü bəndləri texniki və təfərrüatlı olması, eyni zamanda, bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini ehtiva etməsi ilə diqqət çəkir. Bu razılaşma inkişaf etməkdə olan ölkələrin karbon bazarının yaradılmasını, davamlı və ekoloji bütövlüyünü gerçəkləşdirir.
S.Heydərov, eyni zamanda qeyd edib ki, maliyyə ilə əlaqədar öhdəliklərə sadiqlik məsuliyyəti olmalıdır. İnkişaf etməkdə olan ölkələr yoxsulluqla bağlı problemləri həll etmək üçün maliyyə mənbəyi tələb etmir. Ayrılan vəsait bu məsələyə hər nə qədər təsir göstərsə də, əsas məqsəd iqlim hadisələrinin qarşısını almaq üçündür.
XQ