Bügünlərdə COP29-un təşkil etdiyi müzakirələr gələcəkdə konfransda iştirak edən ölkələrin iqlim siyasətləri və ekologiya sahəsindəki əməkdaşlıqları üçün mühüm platforma yaradır. Azərbaycanda keçirilən bu konfransın nəticələri digər ölkələr üçün də nümunə ola bilər.
XQ-yə bu mövzuda müsahibəsində Qırğızıstanın “İnfocom” dövlət müəssisəsinin direktor müavini Daniel Eshmatov bildirdi:
– Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki uğurlu təcrübələri, enerji sektorunda dayanıqlı inkişaf məqsədinə yönəlmiş strateji addımları beynəlxalq əməkdaşlıqların inkişafına xidmət edir. Bundan əlavə, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər qlobal ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə sayılır. Bütün bunlar qırğız xalqını sevindirir, bizi Bakı təşəbbüslərinə nəfəs verməyə ruhlandırır.
Qırğızıstanda da iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsində atılan addımlar getdikcə daha geniş miqyas alır. Bu istiqamətdə həyata keçirilən layihələr, ölkənin resurslarının daha səmərəli istifadəsinə yönəlib və onların bəziləri tullantıların azaldılması məsələsinə aiddir. Bu gün təkcə kağız tullantılarının azaldılması iqtisadiyyat üçün deyil, həm də ekosistem üçün mühüm əhəmiyyət kəsb edir. Çünki kağız istehsalı prosesi ağacların kəsilməsi, su və enerji sərfiyyatının artması, ətraf mühitin çirklənməsi ilə nəticələnir.
Bu çərçivədə Bakının təşəbbüslərinə uyğun olaraq, Qırğızıstanda da kağızdan istifadənin azaldılması və rəqəmsal sənədləşmə sistemlərinə keçid təşviq edilir. Elektron sənəd dövriyyəsinə keçid ən əsası dövlət orqanlarında və müəssisələrdə iş proseslərini sürətləndirir, kağız istehsalının ətraf mühitə zərərli təsirini azaldır.
Məsələn, ölkədə həyata keçirilən son araşdırmalara əsasən, bu il kağızdan az istifadəyə görə 11 milyon dollara qənaət edildiyi bildirilib. Bu rəqəm iqtisadi baxımdan çox müsbət bir göstəricidir. Çünki kağız istehsalı və ondan istifadə böyük xərclər tələb edir. Bu isə həm dövlət büdcəsinə, həm də şirkətlərin fəaliyyətinə mənfi təsir edir. Rəqəmsal sənədlər isə kağız yazılardan daha az resurs tələb edir.
Bu qənaət yalnız maddi mənada deyil, həm də ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Kağız istehsalı üçün ağaclar kəsilir, enerji sərf olunur və nəticədə, havaya karbon qazı buraxılır. Elektron sənədləşmə isə bu prosesləri minimal dərəcəyə endirir və ekosistemi qorumağa kömək edir. Gələcəkdə bu qənaətlərin artacağı gözlənilir.
Bu addımların sistemli davamı yaxın gələcəkdə daha böyük iqtisadi və ekoloji faydalar gətircək. Bu təşəbbüslər digər ölkələr üçün də örnək ola bilər və Qırğızıstan da Azərbaycan kimi ətraf mühitin qorunması sahəsində lider ölkələrdən birinə çevrilə bilər.
COP29 kimi konfransların keçirilməsi qlobal iqlim siyasətinin formalaşdırılması, təmiz enerji və davamlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vacib bir platformadır. Azərbaycanda keçirilən bu irimiqyaslı, çoxyönlü qlobal müzakirə, qəbul edilən önəmli və təsirli qərarlar tezliklə ciddi nəticələr verəcək. Bu, qardaş Azərbaycanın dünyada iqlim dəyişikliyi ilə mübarizəyə tarixi töhfəsi sayılacaq.
Namiq QƏDİMOĞLU
XQ