BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında keçirilən dəyirmi masada “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın yaradılması haqqında niyyət məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub.
Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir. İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq bütün dünyada hiss olunur.
Koalisiyanın beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirdiyini bildirən nazir deyib: “Bu gün biz bu çağırışlarla mübarizə aparmaq naminə kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm bir addım atırıq.
Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik”.
Əvvəlki COP-lar çərçivəsində nəzərəçarpacaq nəticələrin əldə edildiyi vurğulanıb. Qeyd edilib ki, COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü, eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub.
Yeni koalisiyada bu səyləri gücləndirmək, onların təsirini artırmaq, maraqlı tərəfləri bir araya gətirmək üçün müvafiq platformanın yaradılması zərurəti qeyd olunub. Bildirilib ki, bu koalisiya sadəcə dialoq naminə yaradılmayıb: “Niyyət məktubunu imzalamaqla, biz planetimizin iqlim və sağlamlıq siyasətlərinin təcrid olunmadığı, eyni zamanda idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya olunduğu bir ortaq baxışa sadiqik. Biz, iqlim dəyişikliyinin bütün dünyada sağlamlığa necə təsir etdiyini görürük. Tənəffüs xəstəliklərini kəskinləşdirən temperaturun yüksəlməsindən daha tez-tez baş verən ekstremal hava hadisələrinə qədər insanların sağlamlığı təhlükə altındadır. Bununla belə, transformasiya üçün də fürsət görürük. Həm sağlamlıq, həm də iqlim fəaliyyətinə üstünlük verməklə, biz insanların həyatını qoruya, daha güclü səhiyyə sistemləri qura və davamlı inkişafa töhfə verə bilərik”.
Z.HÜSEYNOVA
XQ