Bakı Konfransı xarici mediada

post-img

Dünyanın nüfuzlu media subyektləri əsas xəbər buraxılışlarında Bakıda öz işini davam etdirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunan məsələlərə, nümayəndələrin çıxışlarına geniş yer ayırırlar. Onlar bu beynəlxalq tədbirin önəmini qeyd etməklə yanaşı, ona evsahibliyi edən Azərbaycanın qlobal iqlim problemlərinin həll edilməsi üçün irəli sürdüyü təşəbbüslərin, birgə layihələrin faydalılığını da vurğulamağı unutmurlar.

“Hürriyət”

Türkiyənin aparıcı media orqanlarından olan “Hürriyet” qəzetinin yazdığına görə, Əminə Ərdoğan sosial media hesabında Azərbaycanın COP29 tədbirinə evsahibliyi etməsindən duyduğu məmnunluğu ifadə edib. O, konfransın iqlim dəyişikliyi ilə mübarizədə yeni bir mərhələnin başlanğıcı olacağını vurğulayıb. Türkiyənin birinci xanımı gənclərin ətraf mühitə göstərdikləri xüsusi diqqəti və fəallıqlarını yüksək qiymətləndirərək, onların iqlim böhranının həlli yollarında fəal iştirakının ümidverici olduğunu bildirib. Azərbaycanın bu prosesdəki uzaqgörən siyasətini alqışlayan Ə.Ərdoğan Bakının BMT-nin qlobal iqlim tədbirinə evsahibliyi etməsini beynəlxalq arenada mühüm bir addımı kimi dəyərləndirib.

Bundan başqa, Türkiyə ictimaiyyətində və sosial platformalarında Azərbaycanın COP29 konfransına qatqıları və məsuliyyətli mövqeyi geniş müzakirə mövzusudur. İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın təşəbbüsləri, qlobal səviyyədə dayanıqlı gələcək üçün yeni əməkdaşlıq təşəbbüslərinin və strateji tərəfdaşlıqların inkişafına zəmin yaratdığı vurğulanır.

1TV.GE

Gürcüstanın aparıcı informasiya portallarında Azərbaycanda keçirilən COP29 beynəlxalq iqlim konfransı, bu mötəbər tədbirdə iştirak etmək üçün Bakıya səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyevlə görüşü barədə silsilə materiallar dərc edilib. Qeyd olunur ki, noyabrın 22-dək Bakı Olimpiya stadionunda davam edəcək BMT-nin COP29 konfransı Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə məhz qonşu dövlətdə baş tutur.

Gürcüstanın İctimai televiziyasında (1tv.ge) yayımlanan materiallarda İrakli Kobaxidzenin Bakıda jurnalistlərə verdiyi müsahibə əsasında yayımlanan məlumatda deyilir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edirik. Bu gün cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün şadam. Görüşdə Gürcüstan–Azərbaycan münasibətlərindən, strateji tərəfdaşlıqdan, iki qonşu ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq. Bütün mövzularda olduqca mehriban və məhsuldar görüş keçirdik”.

Həmçinin qeyd olunur ki, Gürcüstanın Baş naziri Dünya Liderlərinin Sammitinin açılış sessiyasında iştirak edib. Eyni zamanda, Baş nazirin COP29-un “dəyirmi masa” formatında müxtəlif mövzularda keçirilən panel müzakirələrində çıxış etdiyi vurğulanır.

“ARABNEWS”

Səudiyyə Ərəbistanının “ARABNEWS” rəsmi xəbər saytında BMT-nin Bakıda keçirilən İqlim Sammitinə xüsusi yer verilib. Xəbərdə qeyd olunur ki, noyabrın 11-də Bakıda COP29-un açılış mərasimində çıxış edən COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. O, COP28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əminliyini ifadə edib.

Sayt, həmçinin BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilən Muxtar Babayevin çıxışından sitat verib: “Dünya artıq iqlim dəyişikliyinin mənfi təsirləri ilə üzləşir və bu çağırışlarla mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir. COP29-a sədrliyin əsas məqsədi böhranın miqyasını və aktuallığını dünyanın diqqətinə çatdırmaq üçün həm effektiv, həm də kifayət qədər ədalətli, iddialı və kollektiv iqlim maliyyəsi hədəfini razılaşdırmaqdır. Biz siyasi və maliyyə məhdudiyyətlərini başa düşürük”.

“ARABNEWS”in hər gün yenilənən xəbərlərində COP29 çərçivəsində keçirilən görüşlərə, panel müzakirələrə geniş yer ayrılır.

“Al Jazeera”

Qətərin “Al Jazeera” telekanalı və veb saytı xəbər verir ki, dünyanın 196 ölkəsindən nümayəndələrin qatıldığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas müzakirə mövzusu inkişaf etməkdə olan ölkələr üçün illik 100 milyard dollarlıq maliyyələşdirmə hədəfinin artırılmasıdır. “COP29 Azərbaycanda iqlimin maliyyələşdirilməsinə dair danışıqlar üçün açılır” sərlövhəsi ilə verilən materialda qeyd olunur ki, builki iqlim sammiti qlobal istiləşmənin təsirlərinin daha aydın hiss edildiyi və ekstremal hava hadisələrinin artdığı bir dövrdə keçirilir. İki həftə davam edəcək forumda ölkələrdən maliyyələşmə məsələsində yeni öhdəliklərin qəbul edilməsi gözlənilir.

Məşhur xəbər kanalı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilin çıxışından bəzi məqamları nəzərə çatdırıb, bu kontekstdə qlobal əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Telekanalın digər reportajında deyilir ki, Azərbaycanın konfransa evsahibliyi etməsi, dünya liderlərinin qlobal iqlim maliyyələşdirilməsi üzrə daha ambisiyalı və təsirli tədbirlər görməsinə təkan verəcək bir platforma yaratmağa imkan verir. Ev sahibi olan dövlətin əsas vəzifəsi ölkələr arasında konsensus əldə edərək yeni qlobal maliyyə razılaşmalarının qəbul edilməsinə nail olmaqdır. COP29 dünya ölkələrini qlobal istiləşmənin təsirlərini azaltmaq və iqlim dəyişikliklərinə qarşı səmərəli tədbirlər görmək üçün bir araya gətirən əhəmiyyətli tədbir kimi qiymətləndirilir.

Azər MUSTAFAYEV

Ekologiya