Azərbaycan yaşıl enerji dəhlizlərinin də önəmli qovşağı olacaq

post-img

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən “Enerji keçidi üzrə investisiya Forumu”ndakı çıxışında “Mərkəzi Asiya–Azərbaycan yaşıl Enerji Dəhlizi”nin hazırda həyata keçirilən “Xəzər–Qara dəniz–Avropa” və “Azərbaycan–Türkiyə–Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid yaşıl enerji platforması”nın mühüm həlqəsi kimi diqqət çəkdiyini bildirib. Nazir  çıxışının davamında söyləyib. “Bu vizion Azərbaycan və Mərkəzi Asiyadan böyük həcmlərdə yaşıl elektrik enerjisi və yaşıl hidrogenin Türkiyə və Avropa bazarlarına nəqlini gerçəkləşdirməyi, Asiyadan Avropayadək böyük bir coğrafiyada bərpaolunan enerji istehsal və idxal mərkəzlərini birləşdirməyi, bərpaolunan enerji  balanslaşdırmanı ehtiva edir”. 

Azərbaycan rəsmisi daha sonra vurğulayıb ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarının vahid geosiyasi məkana çevrilməsi, ölkələrimiz arasında strateji tərəfdaşlıqların qurulması və möhkəmləndirilməsinə əsaslanan siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. 

yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir. Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə Azərbaycan gələcək nəsillərə təmiz, təhlükəsiz və firavan bir enerji mirası ötürür. Hər üç dəhliz, Mərkəzi Asiya ilə yanaşı, Xəzər dənizinin nəhəng enerji potensialı investorlar, enerji şirkətləri və maliyyə institutları üçün geniş əməkdaşlıq imkanları vəd edir.

Xatırladaq ki, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının keçirilməsi COP29 çərçivəsində planlaşdırılıb. Layihənin statusu, digər komponentləri, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq yaşıl enerji dəhlizinin inkişafı ilə bağlı tədbirlərin yaxın perspektivdə  gerçəkləşdirəcəyi də nəzərdə tutulub.  

Yeri gəlmişkən, indiyədək bununla əlaqədar birgə müəssisənin təsis sənədləri  imzalanıb. Onun qarşısında isə, ilk növbədə, layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq və maliyyələşdirmək, icrası proseslərinə nəzarət etmək əsas vəzifələr kimi qoyulub. Beləliklə, yaşıl enerji dəhlizinin əsas resurs mənbəyi olan Azərbaycanın Avropa ölkələrinin bərpaolunan enerji sahəsində əsas tərəfdaşlarından birinə çevriləcəyi prioritet istiqamətə çevrilib. 

yaşıl Enerji Dəhlizi Birgə Müəssisəsinə rəhbərliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa, ümumi və qarşılıqlı maraq doğuran layihələrin ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərçivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib.  

Onu da deyək ki,  2022-ci il dekabr ayının 17-də imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də Rumıniya ilə respublikamız arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi  nəzərdə tutulub və 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisi qərara alınıb. Bu anlaşma ilə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası qoyulub.      

Layihənin əhəmiyyətini nəzərə alan  Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı vasitəsilə Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatlarının aparılmasının maliyyələşdirilməsi üçün 35 milyon dollar məbləğində krediti təsdiqləyib. Avropa İttifaqı (Aİ) isə Şərq Tərəfdaşlığı İnvestisiya Planına əsaslanaraq layihəyə 2,3 milyard avro ayırmaq niyyətini bəyan edib. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihəyə dəstək məqsədilə müzakirələrə  başlayıb.

Samir HEYDƏROV, 
iqtisadçı–ekspert

Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. yaşıl enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Əlbəttə, bu göstəricilər xarici strateji investorların Azərbaycanın enerji bazarı üçün maraqlı olmasını   deməyə əsas verir.

Xəzər regionundan Aİ ölkələrinə Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi  4 qiqavata qədər yaşıl enerjinin ötürülməsini asanlaşdıracağı gözlənilir. Eyni zamanda, bu layihə ilə yanaşı, Xəzər regionundan Aİ-yə yaşıl hidrogenin çatdırılması üçün sistemin yaradılması da diqqətdə saxlanılır. Artıq Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürəcək bu layihənin texniki-iqtisadi əsaslandırılması sonuncu mərhələyə qədəm qoyub. 

Layihənin texniki–iqtisadi əsaslandırılmasını İtaliyanın CESİ şirkəti həyata keçirir. Əsaslandırmanın bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Araşdırmalar nəticəsində elektrik kabelinin optimal xarakteristikası müəyyənləşdirilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu təhlil olunub, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün zəruri  işlərin təsviri və tenderlə bağlı texniki tapşırıq da tərtib olunub.



Ekologiya