COP29-un 3-cü günündə “İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələr aparılıb.
BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi çıxış edərək su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib, daha geniş iqlim dəyişikliyi üzrə Bakı dialoqunun yaradılmasını alqışlayıb. İqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çaylarda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxardığını diqqətə çatdıran xüsusi nümayəndə bildirib ki, iqlim dəyişikliyi su mənbələrinə və infrastrukturuna da ciddi ziyan vurur. O deyib ki, təkcə ötən il 32 milyon insan daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb. Bu səbəbdən də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən danışıb. Bu təsirlərin bir-biri ilə, həm də su hövzələri ilə əlaqəli olduğunu vurğulayan nazir, həmçinin dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin ekosistemə, Xəzər dənizi də daxil olmaqla su hövzələrinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
COP29 çərçivəsində iqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsinin qəbul olunacağını xatırladan M. Babayevin sözlərinə görə, sənəd maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də milli səviyyədə müəyyən edilmiş töhfələr və milli adaptasiya planları da daxil olmaqla milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.
Tədbirdə dünya okeanlarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılsa da, bir çox endoreik su hövzələrində əhəmiyyətli azalmalar müşahidə olunduğu vurğulanıb. Qeyd olunub ki, Dünya İqtisadi Forumunun məlumatına görə, 1990-cı ildən bəri dünyanın böyük göllərinin 53 faizi kiçilib. Belə ki, Xəzər və Aral dənizləri, Çad, Titikaka və Viktoriya göllərinin ölçülərində kəskin şəkildə azalma müşahidə olunur. Xüsusən də dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaranan vəziyyətin onun sularını bölüşən Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistana ciddi təsir göstərdiyi diqqətə çatdırılıb.