İstixana qazlarının çox hissəsi elektrik enerjisindən və istilik almaq üçün qalıq yanacaqların yandırılmasından əmələ gəlir. Kömür, neft və qaz kimi qalıq yanacaqların payına istixana qazı emissiyalarının 75 faizindən çoxu və bütün karbon qazı emissiyalarının, təxminən, 90 faizi düşür. İqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün emissiyalar 2030-cu ilədək yarıya qədər azaldılmalı və 2050-ci ildə minimum həddə çatdırılmalıdır.
Bu məqsədə nail olmaq üçün qalıq yanacaqlardan asılılığa son qoyulmalı və təmiz, əlçatan, əlverişli, davamlı və etibarlı bərpaolunan enerji mənbələrinə sərmayə qoyulmalıdır. Eyni zamanda, külək və günəş resurslarına və biokütlə, geotermal və su elektrik stansiyalarına önəm verilməlidir. Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri, professor Əli Zalov söhbət zamanı bu barədə dedi:
– Hazırda qalıq yanacaqlar qlobal enerji istehsalının 70 faizindən çoxunu təşkil edir, lakin daha təmiz enerji mənbələri tədricən mövqeyini möhkəmləndirir. Hazırda elektrik enerjisinin, təxminən, 29 faizi bərpaolunan mənbələrdən əldə edilir. Ölkəmiz bərpaolunan enerjinin inkişaf potensialına malikdir. Külək və günəş resurslarına və biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malikdir. Bu potensialın reallaşdırılması məqsədilə hökumət artıq bir çox layihələr həyata keçirir. Onların icrası ənənəvi mənbələrlə müqayisədə daha qısa müddətə başa gəlir, enerji generasiya gücünü daha tez əldə etmək üçün texniki həll təmin edir.
– Bərpaolunan enerji mənbələri ətrafımızdadır. Ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Azərbaycanda bu enerji mənbələrinin texniki potensialı nə qədərdir?
– Dünya əhalisinin, təqribən, 80 faizi qalıq yanacaqların xalis idxalçıları olan ölkələrdə yaşayır. Təxminən 6 milyard insan digər ölkələrin qalıq yanacaqlarından asılı olan və buna görə də geosiyasi şoklara və böhranlara qarşı həssasdır.
Qalıq yanacaqlardan fərqli olaraq, bərpaolunan enerji mənbələri bütün ölkələrdə mövcuddur və onların potensialından hələ də tam istifadə edilməyib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər dünya elektrik enerjisinin 90 faizi bərpaolunan mənbələrdən əldə edilə bilər. Ölkəmiz də bərpaolunan enerji mənbəyi ilə zəngindir. Onun texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. “Yaşıl” enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt -dır. O cümlədən, külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Ölkəmiz Paris Sazişi çərçivəsində özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə sənədində qəbul edilmiş 1990-cı il baza ilindən başlayaraq 2030-cu ilədək istixana qazlarının emissiyasını 35 faiz azaltmağı öhdəsinə götürüb. Bu məqsədlə “yaşıl” enerjinin inkişafına yönəldilmiş investisiyaların həcmi 1 milyard dolları keçib.
– Bərpaolunan enerji mənbələri ölkəmizə nə kimi faydalar gətirə bilər?
– Bərpaolunan enerji mənbələri Azərbaycan üçün çox əhəmiyyətlidir. Ondan istifadə ətraf mühitin çirklənməsinin qarçısını alır. Kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerji mənbələri ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkələrdə texnoloji innovasiyalara imkanlar yaratmaqla iqtisadi dəyərin artımını təmin edir. Xarici ekspertlərin hesablamalarına görə, bu sahəyə yatırılan sərmayənin hər dolları qalıq yanacaq sənayesinə qoyulan investisiyadan 3 dəfə çox iş yeri yaradır.
Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpaolunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına gətirib çıxarır. Bərpaolunan enerji idxaldan asılılıqdan çıxış yolu təqdim edərək ölkələrə iqtisadiyyatlarını diversifikasiya etməyə və onları qalıq yanacaq qiymətlərində gözlənilməz dəyişikliklərdən qorumağa imkan verir, eyni zamanda, inklüziv iqtisadi artıma, iş yerlərinin yaradılmasına və yoxsulluğun azaldılması səylərinə təkan verir.
– Bərpaolunan enerji daha ucuzdur. Bu, enerjini hamı üçün, o cümlədən aşağı və orta gəlirli ölkələr üçün daha cəlbedici edir.
– Bu gün bərpaolunan enerji, əslində, dünyanın əksər regionlarında ən ucuz enerji təchizatı variantıdır. Enerji texnologiyalarının qiymətləri sürətlə aşağı düşür. 2010–2023-cü illər arasında günəş enerjisinin dəyəri 87 faiz azalıb. Quruda və dənizdə külək enerjisinin dəyəri müvafiq olaraq 56 və 48 faiz ucuzlaşıb.
Qiymətlərin düşməsi bərpaolunan enerjini hamı üçün cəlbedici edir ki, bu da yeni elektrik enerjisinə əlavə tələbatın böyük hissəsini təşkil edir. Xərclərin aşağı düşdüyü bir mühitdə, çox güman ki, yaxın illərdə yeni elektrik enerjisi təchizatının əhəmiyyətli bir hissəsi aşağı karbonlu mənbələrdən gələcək.
2030-cu ilə qədər bərpaolunan mənbələrdən ucuz elektrik enerjisi dünya elektrik enerjisinin 65 faizini təmin edə bilər. Bu, 2050-ci ilə qədər enerji sektorunu 90 faiz karbonsuzlaşdıracaq, karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq və iqlim dəyişikliyinin azaldılmasına kömək edəcək. O iqtisadi cəhətdən də özünü doğruldur. Bu enerji həm də daha sağlam alternativdir.
Beləliklə, külək və günəş kimi təmiz enerji mənbələrinə keçid təkcə iqlim dəyişikliyi problemini deyil, həm də havanın çirklənməsi və əhalinin sağlamlığının pisləşməsi problemlərini həll etməyə kömək edir. Bundan əlavə, səmərəli və etibarlı bərpaolunan enerji texnologiyaları bazar şoklarına daha az həssas olan sistem yarada və şaxələndirilmiş enerji təchizatı vasitəsilə davamlılığı və enerji təhlükəsizliyini yaxşılaşdıra bilər.
Pünhan ƏFƏNDİYEV
XQ