“Şəfəq” Azərbaycana şəfəq saçacaq

post-img

Bu günəş elektrik stansiyası azad olunmuş ərazilərdə ən böyük xarici yatırım layihəsidir

COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bununla layihə fəal tikinti mərhələsinə qədəm qoyub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sözügedən stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənayemiqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Xatırladaq ki, “Şəfəq” GES layihəsi ilə bağlı icra müqaviləsi 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanıb. 

Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında investisiya müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında torpaq icarəsi müqaviləsi” imzalanıb. Sonra rəmzi olaraq stansiyanın ilk günəş panelinə imza atılıb. 

Nazirliyin məlumatına görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda inşa olunacaq “Şəfəq” GES-də il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da illik 120–150 milyon kubmetr təbii qaza qənaət etmək və 260–330 min ton karbon emissiyasının azaldılması deməkdir.

Virtual enerji ötürülməsi mexanizmi çərçivəsində stansiyada istehsal olunacaq enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə, terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək. Bu da BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək. 

BP-nin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bir qədər əvvəl mətbuata verdiyi açıqlamada bildirib ki, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının inşası layihəsinin icrası şirkətin regiondakı əməliyyatlarında ümumi emissiyaları 11 faiz azaldacaq. Onun sözlərinə görə, bu, dərin inteqrasiya olunmuş layihədir və iqtisadi cəhətdən əsaslandırılıb, elektrik enerjisi hasil etmək üçün Səngəçal terminalında qazdan istifadəni azaltmağa imkan verəcək. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

Yeri gəlmişkən, dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına mühüm töhfələr verməyi hədəfləyən BP şirkəti Xəzəryanı ölkələr içərisində ilk dəfə məhz Azərbaycanı seçməsi olduqca təqdirəlayiqdir. 2025-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulan “Şəfəq” Günəş Elektrik Stansiyası postsovet məkanında ilk ən böyük günəş elektrik qurğusu kimi tarixə düşəcək. Qeyd etdiyimiz kimi, stansiyanın istehsal gücü 240 meqavat olacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, Xəzərin coğrafi məkanında ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı tam olaraq “yaşıl” enerji hesabına ödəniləcək. 

Qeyd edək ki, “Şəfəq” Günəş Elektrik Stansiyasının səhmdarları BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti tərəfindən layihəyə, təxminən, 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.

“Şəfəq” layihəsi Cəbrayıl şəhərindən 5–10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. Ümumilikdə isə, layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.

 

Ekologiya