Dəmir yollarında “təmiz” hədəflər

post-img

“Azərbaycan Dəmir Yolları”nın (ADY) bütün strukturları qlobal iqlim konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib. Belə ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib.

Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.

Həmçinin sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət–naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb. Eyni zamanda, Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.

Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir–bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib. Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.

Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eksponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.

 

Ekologiya