Qlobal iqlim konfransı keçirmək Azərbaycanın gücünü və nüfuzunu nümayiş etdirir

post-img

Hazırda dünya özünün yeni inkişaf dövrünü yaşayır. İnkişaf prosesi isə yüksək texnologiyalardan nə qədər asılı olsa da, insan şüuruna, onun intellektual səviyyəsinə və digər dəyərlərə daha çox ehtiyac duyur. Uzun illərdir sənayedə, aqrar sahədə, mədənçıxarmada və başqa sahələrdə sürətli inkişafa nail olan bəşəriyyət ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Bununla da təbiətdə enerji resursları azalır, ekologiyaya ciddi zərbələr vurulur.

Bu səbəbdən də son illər ekoloji problemlərin həllinə diqqət getdikcə artırılıb. Ekoloji tədbirlərin əsas məqsədi isə gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi üçün ekosistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafa nail olmaqdır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi ilə bağlı müstəqil siyasətini formalaşdırmağa başlayıb. Ümummilli liderimiz, suveren Azərbaycanımızın qurucusu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemləri daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, Ümumilli lider bu barədə deyib: “Təbiət Allah tərəfindən yaradılıb. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir… Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.

1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında ilk dəfə olaraq “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” (39-cu maddə) maddəsi öz əksini tapıb. Bu maddənin icrası üçün Azərbaycan Respublikasının Milli Məclisi ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə olunması ilə bağlı çoxsaylı qanunlar qəbul edib.

Hazırda Azərbaycan Respublikası beynəlxalq iqtisadi və siyasi münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilib. Ölkəmiz müəllifi olduğu layihələr, ortaya qoyduğu təşəbbüslər və uzunmüddətli iqtisadi inkişaf perspektivləri ilə yüksək potensiala malik olduğunu sübut edib. Ötən müddətdə regional, milli və beynəlxalq mahiyyətli layihələrin reallaşmasına verilmiş töhfələr milli iqtisadiyyatımızın etibarlılığının bariz nümunəsidir.

Yeri gəlmişkən, tarixən insanların ətraf mühitə, təbiətə və iqlim sisteminə təhdid olacaq təsirinin minimuma endirilməsi öz aktuallığı ilə seçilib. Uzun illər beynəlxalq miyqasda ölkələrin dövlət siyasətinin də mühüm tərkib hissəsini təşkil edən bu vacib məsələ bütün dünya ölkələrini vahid komanda şəklində birləşməyə sövq edir. Elə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası da bu məqsədlə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində qəbul olunub. Onu da qeyd edək ki, COP (Conference of Parties) termininin ingilis dilindən tərcüməsi Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinə nəzarət edən yüksək qərarverici struktura çevrilib. Tərəflər Konvensiyasına üzv ölkələrin sayı 198-dir. Üzv ölkələrin yekdil qərarına əsasən, COP yığıncaqları hər il keçirilə bilər. COP-un ilk yığıncağı isə 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçrilib. Elə qurumun katibliyi də Almaniyanın Bonn şəhərində yerləşir.

Yeni iqtisadi inkişaf mərhələsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi xüsusi aktuallıq kəsb edir. Xatırladaq ki, həmin tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in 2023-cü il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Dünya birliyinin bu mötəbər iqlim tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarı ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun məntiqi nəticəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası neft və qeyri-neft sektorlarının uzunmüddətli perspektivləri müstəvisində bir sıra regional, milli və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi edib. İqlim konfransının keçiriləcəyi günlərdə dünyanın diqqəti yenidən Azərbaycana yönələcək.

Eyni zamanda, beynəlxalq səviyyəli konfransa ev sahibliyinin Azərbaycan Respublikasına həvalə edilməsi ölkəmizin tarixi nailiyyəti kimi dəyərləndirilməlidir. Bu, hər şeydən əvvəl, Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid sahəsindəki islahatlarının beynəlxalq iqtisadi münasibıtlər sistemində dəstəklənməsi və bu sahədəki tənzimləmə tədbirlərinin sosial, iqtisadi və məntiqi davamı hesab olunur. Sözügedən proseslərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması məhz həmin proseslərin zəruri davamıdır. Əslində, ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivlərinin müəyyən olunması sahəsində həyata keçirilmiş olan tədbirlər özünün sistemliliyinə, əlaqəliliyinə və səmərəliliyinə görə seçilir ki, burada da yeni uzunmüddətli prioritetlərin mühüm əhəmiyyətini qeyd etmək olar.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin də potensialından yararlanmaqla daha mütərəqqi nəticələrə nail olmaq mümkündür. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan edilib. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Yaşıl” enerji növlərinin yaradılması və təmiz enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Təsadüfi deyil ki, ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri”ndə qeyd olunmuş 5 əsas istiqmətdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Məhz buradan da aydın olur ki, ölkəmizdə bu sahə ilə bağlı proseslərin möhkəm hüquqi bazası yaradılıb. Bu da hazırkı mərhələ üçün olduqca aktuallıq kəsb edən COP29-un əhəmiyyətini artırır. Beləliklə, ölkəmiz yeni inkişaf mərhələsi üçün daha mühüm hədəflərin əlçatanlığını təmin edir.

Aynur TURAN

Ekologiya