“ACWA Power” “Xızı–Abşeron” KES-ə 238 milyon dollar ayırıb

post-img

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 240 meqavat gücündə olan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının inşasına 238 milyon ABŞ dolları ayırıb. Bu barədə “Gulf Business” nəşri məlumat yayıb.

Bildirilib ki, elektrik stansiyasının 2026-cı ilin birinci yarısında işə başlaması gözlənilir. Stansiyanın fəaliyyəti nəticəsində, təxminən, 300 min ev təsərrüfatının “təmiz” enerji ilə təmin edilməsinə, karbon emissiyalarının ildə 400 min ton azaldılmasına və 220 milyon kubmetrə yaxın təbii qaza qənaət olunmasına imkan yaradacaq. Xatırladaq ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib. Layihə çərçivəsində hər biri 6 meqavat gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Həmin qurğuların 17-si Abşeron rayonunun Pirəkəşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq.

Layihə “build-own-operate” (inşa et–sahib ol–idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bundan əlavə, 2024-cü ilin may ayının əvvəlində Azərbaycan Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 meqavatlıq batareya enerji saxlanc sistemi layihəsi ilə bağlı icra müqaviləsi və quruda 200 meqavatlıq külək enerjisi layihəsi üzrə çərçivə sazişi də imzalanıb.

Bütövlükdə isə, hazırda Azərbaycan hökuməti və “ACWA Power” quruda və dənizdə ümumi gücü 2,5 qiqavat olan birgə “yaşıl” enerji layihələrini müzakirə edirlər.

Ekologiya