Qarabağ isə alternativ enerji poliqonudur
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə – Zəngilan, Cəbrayıl bölgələrində günəş, Kəlbəcər və Laçında isə külək potensialı mövcuddur.
Onun sözlərinə görə, artıq Laçın və Kəlbəcər rayonlarında külək potensialının ölçülməsi işlərinə start verilib: “Qarabağda xüsusi ölçü stansiyaları artıq inşa olunub. Küləyin özəlliyi ondan ibarətdir ki, bir il müddətinə həmin ərazidə ölçü prosesi həyata keçirilməlidir. Yalnız belə halda ki, küləyin sürətinə əsasən müəyyən kommersiya təklifləri vermək mümkündür”.
Bərpaolunan enerji ehtiyatı baxımından Azərbaycan günəş potensialı ilə də çox zəngindir. Azərbaycanda son illər bu sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub. Belə ki, “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı layihə imzalanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının bu günlərdə yayılan məlumatında adıçəkilən maliyyə qurumunun Neftçala rayonunun Bankə qəsəbəsində “Banka Solar” günəş fotoelektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı üçün 80 milyon dollara qədər uzunmüddətli kredit verəcəyi bildirilib. Məlumatda əsasən, layihənin ümumi dəyərinin 280 milyon dollar təşkil etdiyi vurğulanıb. Stansiyanın tikintisini isə Birləşmiş Ərəb Əmirliyinə məxsus “Masdar” şirkətinin törəmə strukturu olan “Abu Dhabi Future Energy Company”nın reallaşdıracağı qeyd edilib.
Layihə yekunlaşandan sonra Azərbaycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə ediləcək və bu, təbii qazla işləyən elektrik stansiyalarını əvəz etməyə imkan verəcək. Ən başlıcası isə təşəbbüsün gerçəkləşməsi ölkəmizin Paris sazişi çərçivəsində bərpaolunan enerji məqsədlərinə çatmasına kömək edəcək. Proqnoza əsasən, layihə həyata keçirilməsi ilə il ərzində 314 min ton CO2 emissiyası azalacaq, həmçinin Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidində və istilik generasiyasından asılılığın azaldılmasında müsbət nəticə əldə olunacaq.
Külək enerjisi ilə bağlı isə onu qeyd edək ki, Azərbaycanının dəniz külək enerjisinin inkişafı üzrə Yol xəritəsində 2040-cı ilədək respublikamızın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın dekarbonizasiya və davamlı inkişaf sahəsində prioritetlərinə uyğundur. Dəniz külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini gerçəkləşdirə bilər. Bundan əlavə, ekspertlərin fikrincə, Azərbaycanda dəniz külək enerjisi mülayim templə inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücünü 1,5 QVt-a çatdıracağı və bununla da 7 faiz karbonsuz enerji istehsalına nail olunacağı gözlənilir.
Azərbaycanın adıçəkilən yol xəritəsində dəniz külək enerjisinin potensialından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030 və 2036-cı illər üçün hədəflərin müəyyən edilməsi, 200 MVt gücündə pilot layihənin və daha sonra böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinin cəlbi məqsədilə qabaqcıl qlobal təcrübələrin tətbiqinə başlanılması və dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirlərin reallaşdırılması və bu istiqamətlərdə dövlət təşkilatları əməkdaşlarının bilik və bacarıqlarının artırılması daxildir.
Samir HEYDƏROV,
iqtisadçı–ekspert
Mütəxəssislər bildirirlər ki, Günəşin nüvəsindəki hidrogen qazının heliuma çevrilməsi nəticəsində yaranan günəş enerjisi ilə bağlı araşdırmalar əsasən, ötən əsrin 70-ci illərindən etibarən aktuallıq qazanmağa başlayıb. Günəş enerjisi tükənməz və güclü enerji mənbəyi olsa da, dünyanın hər yerində eyni miqdarda əldə edilə bilmir. Belə ki, onun əldə edilməsi üçün infrastrukturun bol günəş alan ölkələrdə və ya ərazilərdə quraşdırılması enerjinin səmərəli formada gerçəkləşməsinə imkan verir. Günəş enerjisi istilik, işıq və enerji istehsal etmək üçün istifadə edilir. Məsələn, Almaniyada damlarda quraşdırılan günəş panelləri günəş enerjisini yığır və onu elektrik enerjisinə çevirir.
Günəş enerjisindən istifadə və günəş enerjisi stansiyalarının gücü baxımından dünyada Çin, ABŞ, Yaponiya və Almaniya ilk sıralarda yer alıb. Çin hökuməti ölkədə günəş enerjisi sektorunun inkişafı üçün 2009-cu ildə “Qızıl günəş” stimullaşdırma planını elan edib. Bu proqramın tətbiqi nəticəsində fiskal subsidiyalar Çində günəş enerjisi sektorunun genişlənməsində mühüm rol oynayıb. Belə ki, bu proqram mənzillərdə fotovoltaik elektrik enerjisi istehsalı qurğularının qurulmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb və enerjiyə məhdud çıxışa malik kənd yerlərində yaşayan sakinlərə təmiz enerji təminatını yaxşılaşdırıb. “Qızıl günəş” proqramının uğursuzluğu isə icra siyasətində sistemli dizaynın, effektiv koordinasiyanın və tənzimləmənin qurulmaması, institusional çatışmazlıqlarla bağlı olub.
Qeyd edim ki, 2060-cı ilə qədər tamamilə karbon–neytral olmağı hədəfləyən Çin günəş enerjisi sahəsində liderdir. 2019-cu ildə Çin firmaları dünyadakı silikon əsaslı fotovoltaik panellərin ilkin tikinti bloku olan polisilikonun 66 faizini istehsal edib. Bundan əlavə, qeyd edilən il üzrə günəş batareyalarının dörddə üçündən çoxu, dünya üzrə fotovoltaik panellərin isə 72 faizi Çin istehsalıdır. Bununla belə, dünyanın 10 ən böyük günəş parkından beşi Çində fəaliyyət göstərir.
Çinin bərpaolunan enerji daşıyıcısının uğuru bu ölkənin elektrik şəbəkəsi üzrə tarif subsidiyalarının səmərəliliyini tam şəkildə nümayiş etdirir. Belə ki, tarif siyasəti vasitəsilə hökumət alternativ enerji istehsalını daha rəqabətli, biznes və investorlar üçün cəlbedici edə bilər.
Bütün bu layihələr qlobal çağırışların önündə gedən Azərbaycanın hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanındığını deməyə əsas verir. Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən–ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl” yollarla ödənilməsidir. İstehsalı bərpaolunan enerji mənbələrinə əsaslanan bu cür potensial isə hazırda respublika üzrə 27 min meqavat həcmində qiymtləndirilir.
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyevin prioritet vəzifə olaraq irəli sürdüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl” enerji zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır.