Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı, nazirliyin rəhbər şəxslərinin iştirakı ilə “Town Hall” formatında keçirilən tədbirdə aqrar sahədə görülən işlər və nəzərdə tutulan layihələr müzakirə edilib, aqrar sahənin aktual mövzularına dair təqdimatlar olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, toplantıda “Fermer təsərrüfatlarının dayanıqlı məlumat şəbəkəsi”, “Aqrar sahədə süni intellekt”, “Taxıl yığımının izlənilməsi sistemi” kimi innovativ layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqdan istifadə qaydaları, Ağalı kəndində pilot layihə kimi icra olunan yeni parselləmə modeli ilə bağlı təqdimatlar keçirilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
COP29 barədə təqdimatda qeyd olunub ki, iqlim konfransı çərçivəsində keçiriləcək “Qida, kənd təsərrüfatı və su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusuna xüsusi toxunulacaq, 14 qlobal təşəbbüsdən biri – kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərinə həsr olunan “Bakı harmoniya iqlim təşəbbüsü” təqdim ediləcək.