Müasir suvarma şəbəkəsi genişlənir

post-img

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sında ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulması qarşıya mühüm vəzifə kimi qoyulub.

Sənəddə müəyyənləşdirilən prioritet istiqamətlər sırasında olan su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, bu zaman hidroloji və hidrogeoloji tədqiqatlara üstünlük verilməsi, monitorinq stansiyalarının rəqəmsallaşdırılması, məlumatların real vaxt rejimində emalının gerçəkləşdirilməsi kimi amillərin diqqətdə saxlanımasının zəruriliyi də vurğulanıb.

Bütün bunlarla bərabər, müəyyən layihələrin həyata keçiriləcəyi təqdirdə risklərin simulyasiyası və rəqəmsallaşmasının təmin ediləcəyinə, beləliklə, ölkənin su ehtiyatları barədə real təsəvvür formalaşacağına, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacağına əminlik ifadə olunub.

Mütəxəssislərin fikrincə, ölkədə su təsərrüfatları və su hövzələri səviyyələrinin optimallaşdırılması, eləcə də dövlət–özəl tərəfdaşlığının inkişaf etdirilməsi bu sahədə idarəetmənin səmərəliliyini artıracaq, sosial-iqtisadi vəziyyət və investisiya qoyuluş nəzərə alınmaqla tariflərin diferensiallaşdırılmasını şərtləndirəcək. Su ehtiyatlarının hövzədaxili və hövzələrarası inteqrasiyalı idarə edilməsinə nail olunacaq.

İqtisadçı-ekspert Samir Heydərov bildirir ki, strategiyada su ehtiyatlarından səmərəli istifadənin önə çəkilməsi mühüm önəm daşıyır: “Bunun üçün suyun dövlət uçotu sistemi təkmilləşdirilməli və qanunsuz müdaxilələrin qarşısı alınmalı, ən başlıcası isə müasir suvarma üsullarının tətbiqi genişləndirilməlidir. Yalnız bu halda qarşıya qoyulan vəzifənin gerçəkləşdirilməsi mümkündür”.

S.Heydərovun sözlərinə görə, 2027-ci ilədək ölkədə şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarının yaradılacağı, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatının 85 faizə, suvarma suyu təminatının isə 90 faizə çatdırılacağı bildirilir.

İqtisadçı-ekspert qeyd edir ki, tezliklə su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək və onların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək, sərhədlərarası razılaşdırılmış fəaliyyətlər vasitəsilə su hövzələri boyunca su ehtiyatlarının inteqrasiyalı idarə olunması inkişaf etdiriləcək. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan səmərəli istifadə, tullantı sularının axıdılması sahəsində mövcud problemlərin həlli məqsədilə qarşılıqlı əməkdaşlıq gücləndiriləcək, ekoloji tarazlıq qorunacaq, iqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab verməklə hidroekoloji böhranın qarşısı alınacaq.

Coğrafiya elmləri doktoru Məhəmməd Abduyev bildirir ki, qlobal iqlim dəyişikliklərinin yağıntıların paylanmasına mənfi təsiri, eləcə əhali artımı suya olan tələbatı getdikcə artırır. İlkin proqnozlara görə, su qıtlığı daha geniş miqyas alaraq XXI əsrin ortalarınadək davam edəcək. Beynəlxalq Təbii Resurslar İnstitutunun verdiyi proqnozlara əsasən isə, 2040-cı ilə qədər dünya ölkələrinin beşdə birində su çatışmazlığı problemi yaranacaq.

Adı çəkilən institutun hesabatında quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında, təəssüflər olsun ki, Azərbaycanın da adı var. Belə ki, siyahıda göstərilən 33 ölkə arasında ölkəmiz 18-ci yerdə qərarlaşıb: “Azərbaycanın çay axımına əsaslanan su ehtiyatları orta hesabla 30,9 kubkilometrə bərabərdir ki, bunun da 20,3 kubkilometri qonşu ölkələrdən gələn (əsasən Kür və Araz çaylarının) tranzit axım hesabına, 10,6 kubkilometri isə ölkə daxilində formalaşır.

Yeri gəlmişkən, ümumi su ehtiyatlarının üçdə iki hissəsi tranzit axımın payına düşdüyündən çirklənmə də, əsasən, bu çaylarda müşahidə olunur. Bu qədər su ehtiyatlarına malik olan ölkəmizin Beynəlxalq Təbii Resurslar İnstitutunun tərtib etdiyi siyahıda 18-ci yerdə qərarlaşması itkiyə sərf olunan suyun kəmiyyətinin kifayət qədər yüksəkliyi, selləmə suvama üsulunun geniş tətbiqi, eləcə də mövcud suvarma şəbəkəsinin 70-73 faizinin torpaq məcralı kanallardan ibarət olması ilə izah edilə bilər”.

İqlimşünas alimin sözlərinə görə, adambaşına gündəlik içməli və məişətdə istifadə edilən su norması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 450 litr müəyyən edilib. Beynəlxalq norma nəzərə alınsa, ölkəmizdə əhali il ərzində 1,6 milyard kubmetr içməli və məişətdə istifadə üçün su ilə təmin olunmalıdır. Azərbaycanda əhalinin su təminatı 32 il ərzində (1990-2021) orta hesabla 367 milyon kubmetr təşkil edib ki, bu da müəyyənləşdirilən su normasından 4,4 dəfə azdır. Bu, həm də gün ərzində adambaşına 100 litr, yəni müəyyən edilən beynəlxalq normadan 4,5 dəfə az su istehlakı deməkdir.

M.Abduyev fikirlərini yekunlaşdıraraq bildirir ki, keçid iqlim qurşağında yerləşən və su ehtiyatları ilə zəif təmin olunan Azərbaycanda su çatışmazlığı özünü daha aydın hiss etdirir. Təbii və antropogen təsirlərlə su ehtiyatlarında baş verən dəyişikliklərin qiymətləndirilməsi son illər xüsusi aktuallığı ilə seçilir. Ölkəmizdə təbii su mənbələrindən götürülmüş və istehlak olunmuş su ehtiyatlarından istifadə iki dövr üçün təhlil edilib. Birinci mərhələni əhatə edən 1990-2000-ci ilədək olan dövrdə təbii mənbələrdən götürülən suyun azalması məlum olub. Yəni 2000-ci ilədək su ehtiyatlarından istifadə olunmasında azalma qeydə alınsa da, sonrakı illərdə bu sahədə artım baş verib. Bu da əkin sahələrinin çoxalması, əhalinin suya olan tələbatının artması, yeni sututumlu müəssisələrin yaradılması ilə bağlıdır.

Son illər respublikamızda müasir suvarma üsullarının tətbiqi diqqətdə saxlanılır. Çinin Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi üzrə eksperti Adnan Arşad bildirib ki, ölkəsinin iqlimə davamlı aqroekosistemlərin yaradılmasındakı uğuru suvarma problemi ilə üzləşən ölkələr, o cümlədən Azərbaycan üçün yaxşı nümunə ola bilər. Ekspert suvarma problemi olan ölkələrdə tətbiq edilə biləcək bir neçə konkret metodun adını çəkib. Onun fikrincə, suya qənaət edən suvarma üsullarının tətbiqi sudan istifadəni optimallaşdırmağa və itkiləri azaltmağa kömək edir: “Bura damcı suvarma sistemi və çiləmə kimi üsulların tətbiqi daxildir. Bu cür üsullar suyu birbaşa bitki köklərinə çatdırır, buxarlanmanı minimuma endirir və istifadənin səmərəliliyini artırır”.

A.Arşad söhbətində suyun yığılması ilə bağlı texnologiyaların inkişaf etdirilməsi, əkinlərin şaxələndirilməsi, bilik mübadiləsi və məhsul təlimi proqramlarının təşviqi zərurətini də vurğulayıb: “İqlim, suyun mövcudluğu, yerli sosial-iqtisadi amillər nəzərə alınmaqla bu üsulların Azərbaycanın konkret şərtlərinə uyğunlaşdırılması vacibdir”.

Bakıda keçiriləcək COP29-dan gözləntiləri barədə danışan A.Arşad qeyd edib ki, optimallaşdırılmış kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi ilə bağlı vəsaitlər artırılmalıdır. Qarşıdan gələn COP29 təşəbbüsləri üçün artan maliyyə resurslarının prioritetləşdiriləcəyi və reallaşdırılacağı mühüm önəm daşıyır. Bura tədqiqat və inkişaf üçün maliyyə, potensialın artırılması, texnologiya transferi və iqlim dəyişikliyinə uyğunlaşmanı yaxşılaşdıran davamlı kənd təsərrüfatı təcrübələrinə investisiya daxildir.

 



Ekologiya