“Azərbaycan Milli Kulinariya Assosiasiyası” və “Xanədan” etno-restoranının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun təqdimatı keçirilib.
“20 Oktyabr – Dünya Kulinariya Günü”nə həsr edilən mərasimi giriş sözü ilə açan və təqdim olunan kitab haqqında ətraflı məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi”nin prezidenti Tahir Əmiraslanov layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gəldiyini vurğulayıb: “Bu gün təqdim etdiyimiz “Qərbi Azərbaycanın şirin inciləri” kitabında tarixi bölgənin mətbəxi və şirniyyatları haqqında məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları maraqlı şəkilləri ilə birgə bu kitabda əks olunub. “Qərbi Azərbaycanın şirin inciləri” adlı bu kitab qədim diyarda yüzilliklər boyu formalaşan və ermənilərin mənimsədikləri ənənəvi şirniyyatlarımızın reseptlərinin bərpasını və tarixi-etnoqrafik özəlliyini əhatə edir”.
Ön sözün müəllifi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva kitabın elmi, praktiki, mədəni önəmi ilə yanaşı, siyasi hədəfini də yüksək dəyərləndirib: “Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən Azərbaycan və ingilis dillərində hazırlamışıq”.
Albomda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alıb. Kitabın arxa üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin müəllim-tələbə heyəti və AMKA-nın Naxçıvan üzrə nümayəndəsi də iştirak edib. NDU nümayəndə heyətinin təqdim etdiyi süfrə, iştirakçıların milli geyimləri, Ordubad limonu, alana, sucuq, çöçə, ballı qayğanaq, bəy dəstanası və digər şirniyyatlar qonaqları görünüşü və dadı ilə valeh elədi. Bunlar milli mətbəximizin tədqiqində və təbliğində univetsitetin axtarışlarını nümayiş etdirdi.
AMKA 1993-cü ildən milli ordumuzla da əlaqələrini davam etdirir. Assosiasiyasının üzvləri dəfələrlə Müdafiə Nazirliyinin mükafatlarına layiq görülüb. Bu barədə danışan nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin məsləhətçisi, AMKA-nın fəxri üzvü, polkovnik-leytenant Vaqif Musayev arzu etdi ki, növbəti belə tədbir Qərbi Azərbaycanda keçirilsin.
Digər çıxışçılar da qeyd etdilər ki, albomda önəmli mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Sonda 58 ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumat verən 63 respondent haqqında bilgi yer alır. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyənlər üçün qiymətli qaynaqdır.