Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərargahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş müzakirə keçirilib.
Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT-yə üzv dövlətlərin daimi nümayəndəliklərinin iştirak etdikləri tədbirdə Federasiyanın baş katibi Caqan Çapagain Azərbaycana iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə təşəkkürünü bildirdi və COP29 Sədrliyinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
COP29 Sədrliyinin baş müşaviri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov iqlim konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulan Sülh, Yardım və Bərpa Günü haqqında ətraflı məlumat verib. Natiq iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı, ərzaq təhlükəsizliyi, torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqət çəkərək bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib.
Səfir daha sonra 500 milyondan artıq əhalinin üzləşdiyi bu problemlərin həllinə iqlim maliyyəsinin cəmi 2 faizinin xərcləndiyini, bunun isə az inkişaf etmiş ölkələrin hələ uzun illər aclıq, münaqişə, xəstəliklərə düçar qalması üçün zəmin yaratdığını vurğulayaraq deyib: “İnkişaf etmiş ölkələri süni şəkildə siyasiləşdirilən məsələlər deyil, məhz bu kimi real fəlakətlər narahat etməli, bu istiqamətdə əməli addımlar atılmalıdır. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər vasitəsilə məhz bu yolda həqiqi sülhə xidmət edir”.
Müzakirə zamanı COP29 Sədrliyinin təşəbbüsü olan İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin konsepsiyası, eləcə də əməli təklifləri özündə ifadə edən İqlim üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına təqdim edilib. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyi üzrə təşəbbüslərinin beynəlxalq sülhün gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkib.
42 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə COP29 Sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim etdiyi gündəlik yüksək qiymətləndirilib, Azərbaycan nümayəndələri tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıblar.