İqlim dəyişmələri ekosistemlərin tarazlığını pozub

post-img

Son 100 ildə Yer kürəsi iqlim dəyişmələri fonunda daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal hadisələrin təsirlərinə məruz qalıb. 

Nəticədə həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyi və suya çıxışı məhdudlaşıb, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələr miq­rasiyanın güclənməsinə səbəb olub. Eyni zamanda, yoluxucu və xroniki xəstəliklər çoxalıb. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı XXI əsrdə qlobal sağ­lamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib. 

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun dosenti, landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov qəzetimizə açıqlamasında iqlim dəyişmələrinin ölkə­mizin bütün sferalarına təsir etdiyini, eko­sistemlərin strukturunda ciddi dəyişmələrə səbəb olduğunu bildirdi. O daha sonra dedi: 

– İqlim dəyişmələri iqtisadi inkişafa, insanların həyat fəaliyyətinə, demoqrafik proseslərə, dünyadakı siyasi vəziyyətə və milyon illər ərzində formalaşmış təbii eko­sistemlərin strukturuna ciddi şəkildə təsir edir. Bu dəyişmələr ölkəmizdə həyatın və təbiətin bütün sferalarında müşahidə olu­nur. Məsələn, havanın temperaturunun yüksəlməsi, atmosfer yağıntılarının miq­darında, rejimində və ərazi üzrə paylanma­sında dəyişmələrin əmələ gəlməsi, güclü küləklərin təkrarlanma tezliyinin artması, həmçinin sinoptik hadisələrin qəfil baş verməsi, ilk növbədə, təbiətdə dominantlıq təşkil edən meşə, şirin su, dağ-çəmən, ya­rımsəhra, quru-çöl, nival-qalıq və s. eko­sistemlərin strukturuna ciddi təsir göstərir. 

– Meşə ekosistemləri antropogen təsirlərə, iqlim dəyişmələrinə qarşı çox həssas landşaftlardır.

– Azərbaycanda meşə ekosistemləri ərazimizin 11 faizini təşkil edir ki, bu da orta dünya göstəricisindən 2,5 dəfə azdır. Meşə ekosistemləri, xüsusilə arid meşələr təbii və antropogen təsirlərə, iqlim dəyiş­mələrinə qarşı çox həssas landşaftlardır. Son 150 il ərzində respublikamızda zən­gin biomüxtəlifliyə malik arid–meşə eko­sistemləri 20 dəfədən çox azalıb və təbii bərpası mümkün olmayan daha arid quru çöllərə transformasiya olunub. 

Qlobal iqlim dəyişikliyi şəraitində eks­tremal iqlim hadisələri şiddətinin gələcək­də artmasının meşələrə müxtəlif yollarla təsir göstərəcəyi gözlənilir. Bəzi bölgələr­də proqnozlaşdırılan istiləşmə şimal zona­sında daha quru şərait təhlükəsi yaradır, bu da birbaşa meşə yanğınlarının artması ilə nəticələnə bilər. Son iqlim dəyişmələri fonunda artan quraqlıq stresinin Naxçıvan MR-in bəzi yüksək ərazilərində ağac artı­mının azalmasına səbəb olacağı gözlənilir. Bundan əlavə, iqlim dəyişikliyi təbiətdə zərərvericilərin daha geniş yayılmasına gə­tirib çıxara bilər.

Abşeron təbiətinin inkişafını ləngidən əsas səbəb quraqlıq və zərərvericilərdir. Başqa sözlə, qışın sonunda, yaxud yazda baş verən quraqlıq və ya patogen həşəratlar ağac köklərinə böyük zərbə vurur. Mövcud iqlim şəraitində onların bərpası ciddi ant­ropogen müdaxilə ilə mümkündür.

– Ölkəmizdə buzlaq sahələrin həm sahəsi, həm də qalınlığı azalır. Bu gələ­cəkdə nə kimi problemlər yarada bilər?

– İqlim dəyişmələrinə ən həssas olan landşaftlar nival-buzlaq ekosistemləridir. Buradakı çoxillik qar və buzlaqlar hava­nın temperaturunun artması ilə əriyərək sahəsi və qalınlığı azalır. Aparılmış tə­dqiqatlar göstərir ki, Azərbaycanın Böyük Qafqaz dağlarındakı buzlaqların sahəsi 1940-ci ildə 8,92 kvadratkilometr, 1960-cı ildə 6,40, 1987-cı ildə 5,7, 2016-cı ildə 1,2, 2022-ci ildə isə 0,62 kvadratkilometr olub. Deməli, son 80 il ərzində nival–buz­laq ekosistemlərinin sahəsi 14 dəfədən çox azalıb. 

Ən sürətli iqlim dəyişmələrinin in­tensivləşməsi 1990-cı illərdən sonrakı dövrlərə təsadüf edir. Ölkə ərazisində ni­val–buzlaq ekosisteminin ən geniş yayıl­dığı ərazi Bazardüzü zirvəsidir. Vaxtı ilə burada buzlaqların 3,62 kvadratkilometr sahə tutduğu hesablanıb. Təxminən son yarıməsrlik dövr ərzində Bazardüzü dağı­nın nival–buzlaq ekosisteminin sahəsi 92,3 faiz azalaraq, hazırda 0,28 kvadratkilometr kiçik bir ərazidə qalıb.

Apardığımız hesablamalar nəticəsində məlum olub ki, 1990–2022-ci illər arasında Şahdağ buzlağı 22,5 faiz, Bazaryurd buz­lağı 83,3 faiz, Çarundağ buzlağı 90,3 faiz azalıb. Tufandağ və Raqdan zirvələrində isə nival–buzlaq ekosistemləri demək olar ki, müşahidə edilməyib. 

İqlim dəyişiklikləri qeyd olunan is­tiqamətdə davam edərsə, Böyük Qafqazın şərq hissəsində buzlaqların intensiv ərimə­si dağların şimal-şərq yamacı ilə axan çaylarda yaxın illər ərzində su sərfinin azalacağının, həmçinin Qusar maili düzən­liyində və Şollar düzündə yeraltı suların qidalanmasında problemlərin yaranacağını deməyə əsas verir. 

– Son dövrlərdə şirin su ekosistem­lərində də ciddi problemlər müşahidə olunur. Onlarda yaranan hər hansı çə­tinlik digər ekosistemlərə də təsir edir. Bu, ekosistemlərin pozulmasına və ta­mamilə fərqli şəkildə yenidən qurulma­sına səbəb olur. Bəs bu barədə nə demək olar?

– Havanın temperatur dəyişməsindən daha çox ziyan çəkən şirin su ekosistem­lərindən biri də çay–dərə ekosistemləridir. Çay–dərə ekosistemləri Azərbaycan təbiə­tinin bütövlüyünü, tamlığını qorumaqla yanaşı, təbii və antropogen ekosistemlərin mövcudluğunun vacib şərtlərindən biridir. Təbiətdəki abiotik və biotik elementlər fa­siləsiz olaraq çay dərələri boyunca hərəkət edərək müxtəlif səviyyəli dağ və düzənlik­lərin meqa ekosistemləri arasında qarşılıqlı əlaqənin maddələr və enerji mübadiləsini gerçəkləşdirir. Bu baxımdan çay–dərə ekosistemləri təbiətimizin “qan damarları­dır” və ya ekoloji dəhlizlərdir. Onlarda ya­ranan hər hansı problem digər ekosistemlə­rin pozulmasına və tamamilə fərqli şəkildə yenidən qurulmasına səbəb olur. Əlbətttə, su resurslarının azalması torpağın münbit­ləşməsinin itməsi, buxarlanmanın artması və ərazilərin quruması kimi dəyişikliklərə gətirib çıxarır.

Son zamanlar iqlim dəyişmələrinin so­sial-iqtisadi həyatımıza təsirini azaltmaq məqsədi ilə dövlətimiz tərəfindən çaylar üzərində müxtəlif su anbarları yaradılır. Bu da aşağı axında çay dərələri boyunca uzanan təbii və antropogen ekosistemlərin deqredasiyasına səbəb olur. Bunun qarşısı­nı almaq üçün elmi tədqiqatlara əsaslanan optimallaşdırma tədbirləri həyata keçiril­məlidir.

Hazırladı:
Ə.PÜNHAN
XQ



Ekologiya