TDT energetika nazirlərinin Bişkek toplantısı

post-img

Dünən Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahi­dəçi dövlətlərin energetika nazirlə­rinin 4-cü iclası keçirilib. Tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qar­şılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023–2027)” sənədi ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasda çıxış edərək türk dövlət­lərinin enerji əməkdaşlığını gücləndirən “yaşıl” enerji layihələrindən danışıb. Nazir dövlət başçılarının ölkələrimizin zəngin təbii resurslarını, enerji-nəqliyyat dəhliz­lərini və böyük potensialını Mərkəzi Asi­yadan Avropayadək geniş coğrafi məkanda qarşılıqlı faydalı əməkdaşlığa, qardaşlıq ruhunu qorumaqla böyük uğurlara imza at­mağı hədəfləyən aydın strateji baxışları və qətiyyətli siyasətlərinin TDT-nin statusunu möhkəmləndirdiyini qeyd edib. Bu baxım­dan, qurumun Şuşada qeyri-rəsmi sammi­tində qəbul olunmuş Qarabağ Bəyannamə­sinin əhəmiyyəti xüsusi vurğulanıb. 

Nazir Pərviz Şahbazov deyib ki, Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin “XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır” çağırışı və Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarının vahid geosiyasi regiona çevrilməsi istiqamətində səyləri yeni tarixi mərhələdə türk dövlətlə­ri ilə münasibətlərimizin xarakterini əks et­dirir. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 9 milyard dolları ötdüyü, bu ölkələrin iq­tisadiyyatımıza 18,2 milyard dollar, Azər­baycanın isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyduğu bildirilib.

Enerji sahəsində əməkdaşlığın türk dövlətləri arasında əlaqələrin strateji sü­tunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan – Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı–Tbilisi–Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möh­təşəm töhfələri bu gün Türkiyə və çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və cari ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz ixrac olunub. Bu il gözlənilən 25 milyard qaz ixracının isə 9,8 milyard kubmetrinin Tür­kiyəyə, 12,5 milyard kubmetrinin isə Avro­paya tədarükü nəzərdə tutulur.

Nazir, həmçinin bildirib ki, Bakı–Tbi­lisi–Ceyhan kəməri ilə indiyədək 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcm­lərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Tür­kiyə və Avropa arasında birləşdirici rolu­na bir sübutdur: “Türk dövlətləri ilə enerji əməkdaşlığımız nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda, regional əhə­miyyətli yeni layihə və təşəbbüslərin real­laşmasına impulslar verir. Bu kontekstdə, “Xəzər–Qara dəniz–Avropa”, “Azərbay­can–Qazaxıstan–Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan–Türkiyə–Avropa” “yaşıl” enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təc­hizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcəkdir. Ölkələri­mizin zəngin enerji potensialını və elekt­rik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhliz­lər vahid “yaşıl” enerji platforması olmağa iddialıdır”. 

Tədbirdə “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strate­ji tərəfdaşlıq haqqında hökumətlərarası saziş”in yaxın vaxtlarda imzalanmasının planlaşdırıldığını, Qırğızıstanla bərpaolu­nan enerji sahəsində əməkdaşlığın da gün­dəmdə olduğu diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri üçün Enerji Keçidi İnvesti­siya Forumunun keçirilməsi “yaşıl” enerji məqsədləri naminə həmrəylimiz üçün daha bir fürsət olacaq.

Müzakirələrdən sonra iclasın yekun­larına dair Birgə Kommünike imzalanıb. Sənəddə TDT-nin Enerji Əlaqələndir­mə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin və “yaşıl” enerji dəhlizlərinin yaradılmasına dəstək ifadə olunub. Həmçinin sənəddə türk dövlətlərinin noyabrın 15-də Bakıda keçiriləcək COP29 Enerji Günündə fəal iştiraka hazır olduqları əksini tapıb.

Xatırladaq ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Maca­rıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.

Ekologiya