AYİB Azərbaycanın COP29 hazırlıqlarından məmnundur

post-img

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) beynəlxalq maraq olduqca yüksəkdir. Bu da təsadüfi deyil. Çünki qlobal iq­lim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizə bütün beynəlxalq aləmi birgə fəaliyyətə sövq edir. Təsadüfi deyil ki, indi dünyanın bir sıra ölkələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar bu mühüm iqlim tədbirinə ciddi hazır­lıq işləri görürlər. 

Avropa Yenidənqurma və İnkişaf Ban­kı (AYİB) COP29 çərçivəsində bir sıra tədbirlər keçirməyi planlaşdırır. Bu barədə mətbuata açıqlamasında bankın Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabetta Falçetti ölkəmizə etdiyi ilk səfəri zamanı deyib. O, səfərinin əsas məqsədinin Azər­baycan hökuməti ilə güclü əlaqələr qur­maqdan ibarət olduğunu bildirib. 

Bank rəsmisi qeyd edib ki, səfər çər­çivəsində ölkənin imkanlarını və çağırışla­rını, xüsusilə də özəl sektorun dəstəklən­məsi sahəsindəki potensialını öyrənmək də görüş və müzakirələrin əsas mövzusu olacaq. Onun sözlərinə görə, təmsil etdi­yi bankın əsas fəaliyyət istiqamətindən biri olan bu məsələlərlə yanaşı, COP29-a hazırlıq vəziyyətini qiymətləndirmək də önəmlidir, çünki AYİB beynəlxalq maliyyə institutu olaraq tədbirlərdə iştirak edəcək: “Bu mövzu bizim üçün olduqca vacibdir, çünki bank yalnız Azərbaycanda deyil, digər ölkələrdə də iqtisadiyyatın “yaşıllaş­dırılması” ilə fəal şəkildə məşğuldur. Biz qarşımıza Paris Sazişi ilə uyğun gələn la­yihələri maliyyələşdirmək və hər il biznes investisiyalarımızın ən azı 50 faizini “ya­şıl” maliyyələşdirməyə yatırmaq kimi ol­duqca ambisiyalı məqsəd qoymuş və buna nail olmuşuq”. 

Avropa Yenidənqurma və İnkişaf Ban­kının bu məqsədləri fəaliyyət göstərdiyi bütün ölkələrdə irəlilətməyə çalışdığını vurğulayan Elizabetta Falçetti Azərbayca­nın COP29-a ev sahibliyi edən ölkə olaraq yalnız saziş tərəflərini toplamaqla deyil, həm də daha ambisiyalı dekarbonizasi­ya hədəflərini müəyyən etməklə nümunə göstərəcəyinə əminliyini bildirib. 

COP29 çərçivəsində AYİB-in planlaş­dırdığı tədbirlər haqqında məlumat verən qonaq deyib: “Hazırda işlər davam edir. COP vasitəsilə reallaşdırdığımız bir sıra təşəbbüslər var. Lakin əsas layihələrdən biri hidrogen strategiyasının tədqiqatı­dır. Milli hidrogen strategiyasının hazır­lanmasına kömək məqsədilə hökumətlə əməkdaşlığa üstünlük veririk və nəticələri COP29-da təqdim etməyi düşünürük. Bu, iştirakçı ölkələr arasında geniş müzakirə ediləcək mövzulardan biridir. Bu tədqiqat­da iştirak etmək çox vaxtında oldu və nə­ticələrini maraqla gözləyirəm. Çünki bu, bizim yanaşmamıza təsir göstərəcəl və gələcəkdə inkişafı dəstəkləyib-dəstəkləyə bilməyəcəyimizi müəyyən edəcək”. 

Azərbaycanın enerji sektorunda aşağı karbonlu inkişaf yollarının hazırlanması­nı dəstəklədiyini diqqətə çatdıran icraçı direktorunun sözlərinə görə, bu tədqiqat COP29-da ölkələrin nəzərdən keçirilmiş və daha ambisiyalı dekarbonizasiya hə­dəfləri təqdim etmələrinin məqsədlərindən biri olduğu üçün vacibdir. COP-un üçüncü mövzusunun təmsil etdiyi bank üçün də çox önəmli olduğunu vurğulayan Eliza­betta Falçetti deyib ki, AYİB Azərbaycan hökumətinə ölkədə günəş elektrik stansi­yaları üzrə ilk hərracın hazırlanmasında və keçirilməsində dəstək verib və hökumətin COP-da ikinci mərhələdə iştirak etməyə seçilən iştirakçılardan hansının üstün ol­duğunu elan etməsini gözləyir. Onun fik­rincə, hərracın qalibini öyrənmək maraqlı olacaq, çünki bu, AYİB-in iştirakını və dəstəyini müəyyən etməyə kömək edəcək. Yeri gəlmişkən, Azərbaycanın Energetika Nazirliyi AYİB-in dəstəyi ilə ölkədə 100 meqavat gücündə günəş elektrik stansiyası layihəsi üçün ilk hərracı elan edib.

Bərpaolunan enerji mənbələrinin dəstəklənməsinin və qalıq yanacaqlardan imtinanın təmsil etdiyi bank üçün prioritet olduğunu vurğulayan Elizabetta Falçetti Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsinin maliyyələşdirilməsi məsələsinə də toxunub: “Layihə başlanğıc mərhələdə­dir, buna görə də strukturu, məqsədəliliyi, maliyyələşdirənlərin kim olduğu və borc alanın kim olacağı kimi məsələlər önəm­lidir. Şübhəsiz ki, hadisələrdən xəbərdar olmaq istəyirik. Biz vəziyyəti diqqətlə iz­ləyirik, çünki layihədə dörd və ya beş ölkə iştirak edir. Son vaxtlar Buxarestdə birgə müəssisənin yaradılması ilə bağlı irəliləyiş əldə edildiyi məlumdur. Lakin biz konkret layihələrə yönəlmiş bir institut olduğumuz üçün layihənin nə olduğunu və AYİB-in prioritetləri və iştirak meyarlarına uyğun olub olmadığını başa düşməyimiz vacib­dir”.

İcraçı direktor, həmçinin AYİB-in inf­rastrukturu inkişaf etdirmək, xüsusilə “ya­şıl” şəhərlər proqramını həyata keçirmək­də fəal iştirakını müzakirə etdiyini bildirib. Onun dediyinə görə, Gəncə bankın ilk azərbaycanlı “yaşıl” şəhəridir. Azərbayca­nın bu qədim diyarı ilə birgə “yaşıl” şəhər­lər üzrə Fəaliyyət Planının hazırlanmasın­dan məmnunluğunu diqqətə çatdıran bank rəsmisi onun həyata keçirilməsini və şəhə­rin transformasiyası və “yaşıllaşdırılması” üçün digər layihələri səbirsizliklə gözlə­diklərini vurğulayıb. “Bu istiqamətdə daha çox iş görə biləcəyimizə əminəm. Ölkədə­ki əməkdaşlığımızı davam etdirmək üçün səbirsizliklə gözləyirəm”, – deyə o, əlavə edib.

Ekologiya