Cari ilin yanvar–avqust aylarında ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 43 milyon manat (2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,1 faiz çox) dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinin bu barədə məlumatına görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 397,3 milyon manat təşkil edib, bu da illik müqayisədə 8,8 faiz artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 milyard 65 milyon manat (2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6 faiz çox) məhsul istehsal olunub.
2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 586 milyon manat (illik müqayisədə 15,5 faiz çox) təşkil edib.