Avropa–ABŞ münasibətlərində dönüş nöqtəsi

post-img

Ukrayna sülh planı ittifaqı sınağa çəkir

Avropa ilə ABŞ arasında Ukrayna müharibəsinə dair mövqelərin getdikcə daha kəskin şəkildə fərqlənməsi transatlantik münasibətlərin yeni və riskli mərhələyə daxil olduğunu göstərir. Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransanın prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertsin ABŞ prezidenti Donald Trampla keçirdiyi təcili telefon danışığı bu ziddiyətləri daha açıq ortaya qoydu. Liderlərin “kritik məqam” ifadəsi həm Ukraynanın taleyinə, həm də Avropa təhlükəsizlik memarlığının gələcəyinə yönəlmiş ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Danışıqların tonunun qeyri-adi dərəcədə sərt olması və Trampın “kəskin fikir mübadiləsi” barədə etirafı Avropa–ABŞ xəttində gərginliyin kulminasiya nöqtəsinə yaxınlaşdığını göstərir. ABŞ prezidentinin real sülh perspektivi görmədiyi halda Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşməkdən imtina etməsi Vaşinqtonun mövqeyinin daha çox taktiki xarakter aldığını, Avropanın isə prosesə təsir imkanlarının məhdudlaşdığını ortaya çıxarır. Belə şəraitdə Avropa ölkələri, xüsusilə də müharibənin nəticələrindən birbaşa təsirlənən dövlətlər, sülh prosesində daha çox təşəbbüs göstərmək məcburiyyətində qalırlar.

V.Zelenskinin son günlər ABŞ maliyyə naziri, Cared Kuşner və BlackRock rəhbəri ilə keçirdiyi virtual görüş Tramp administrasiyasının sülh planının iqtisadi aspektlərə xüsusi önəm verdiyini göstərir. Bu model Ukraynanın bərpasında Amerika korporasiyalarının həlledici rol oynamasını nəzərdə tutur, lakin Avropada bu yanaşma ərazi məsələləri ilə bağlı mümkün təzyiqlər fonunda narahatlıq yaradır. Kiyevdə də oxşar gərginlik hiss olunur: Ukrayna rəsmiləri Moskvanın tələblərinə uyğun olaraq şərq bölgələrinin güzəştə gedilməsi üçün artırılan təzyiqlərdən narahatdırlar. ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair konkret plan təqdim etməməsi isə bu etirazları daha da gücləndirir.

Avropa liderlərinin Vaşinqtona əks-təklif hazırlaması bir daha göstərir ki, Avropa sülh prosesinin yalnız ABŞ-ın şərtləri ilə qurulmasını qəbul etmir. Bu, təkcə Ukraynanın suverenliyi ilə bağlı məsələ deyil; Avropanın öz təhlükəsizlik maraqlarının qorunması üçün ortaya qoyduğu strateji mövqedir. Prezident Trampın ötən müsahibələrinin birində Avropa liderlərini “zəif” adlandırması, eləcə də Ağ Evin yeni Milli Təhlükəsizlik Strategiyasında Ukrayna müharibəsinin tez bitirilməsi və Rusiya ilə iqtisadi münasibətlərin normallaşdırılması barədə müddəalar Avropanın siyasi dairələrində ciddi narazılıqla qarşılanıb. Sənədin müttəfiqlərə əvvəlcədən təqdim edilməməsi isə Vaşinqtonun Avropa ilə strateji koordinasiyanı ikinci plana keçirdiyini göstərir.

Ən sərt xəbərdarlıq Danimarkanın Müdafiə Kəşfiyyat Xidmətindən gəlib. Qurumu ilk dəfə ABŞ-ı Avropa təhlükəsizliyinə potensial risk kimi qiymətləndirib. Hesabatda Tramp administrasiyasının iqtisadi təzyiq metodlarından və hətta müttəfiqlərə qarşı hərbi güc ehtimalından istifadəyə açıq olduğu qeyd edilir. Bu yanaşma NATO daxilində münasibətlərin gələcəyinə dair ciddi suallar yaradır və ittifaqın bütövlüyünü risk altına qoyur. Eyni zamanda, agentlik Baltik dənizini NATO ilə Rusiya arasında münaqişənin ən çox ehtimal olunduğu region kimi göstərir ki, bu da Avropa üçün yeni təhlükəsizlik reallığı yaradır.

Bütün bu proseslər Avropada uzun illər müzakirə olunan, lakin real siyasi iradə çatışmazlığı səbəbindən reallaşmayan ideyanı yenidən gündəmə gətirir: qitənin ABŞ-dan strateji asılılığını azaltmaq və özünəməxsus müdafiə sistemini formalaşdırmaq. Ukrayna müharibəsi göstərdi ki, Avropanın təhlükəsizliyinin taleyi Vaşinqtonda və ABŞ siyasi elitində baş verən dəyişikliklərdən kritik dərəcədə asılıdır. Donald Trampın yenidən hakimiyyətə qayıtması bu asılılığın risklərini daha da kəskinləşdirir və Avropa üçün alternativ təhlükəsizlik mexanizmlərinin yaradılmasını zəruri edir.

Bir sözlə, Ukrayna sülh planı ətrafında yaranan fikir ayrılıqları təkcə diplomatik prosesin gedişinə təsir göstərmir. Bu, Avropa–ABŞ münasibətlərində strateji dönüşün baş verdiyini, Avroatlantik təhlükəsizlik sisteminin isə hər zamankından daha çox qeyri-müəyyənliklə üzləşdiyini göstərir. Qərarların necə formalaşacağı yalnız Ukraynanın gələcəyini deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasını müəyyən edəcək.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya