Çe Qevaranın qatilini kim öldürdü? O, 1971-ci ildə “komandante” üçün qanlı qisas aktı həyata keçirən münhenli Monika Ertl idi. Amma iki il sonra qətli törədən qısasçı xanım həyatını öz kumiri kimi də başa vurdu – sabiq nasistin köməyilə Boliviyada güllələndi. Bəs bu alman “qisasçı-mələk” kim idi?
1967-ci ilin oktyabrında Çe Qevaranın ölümündən sonra Kubanın sabiq lideri Fidel Kastro qisas alacağına söz vermişdi. Kastro ideya yoldaşı Çenin ölümündə iştirak edən hər kəsi ölü görəcəyini bəyan etmişdi. Onlardan biri Boliviya məxfi xidmətinin polkovniki Roberto Kintanilya Pereyro idi. Bu həmin şəxs idi ki, Monika Ertl onu qətlə yetirmişdi.
Roberto Kintanilya Pereyro məxfi xidmətin əməkdaşı olaraq həmişə çox diqqətli idi. Çünki özünü tam təhlükəsiz hiss etmirdi – hətta Almaniyada, diplomatik postda olanda da ehtiyatlı davranırdı. Bununla belə, 1971-ci il aprelin 1-də onun “daxili həyəcan sistemi” bir anlığa “söndü”.
Həmin gün səhər Pereyro viza almaq üçün icazə istəyən cazibədar sarışın qadını qarşıladı. Qonaq hansısa uydurma bəhanə ilə onun arxasınca kabinetə daxil oldu. Sonradan baş verənlər edama bənzədi: gənc qadın qəfildən tapança çıxardı və onu konsulun sinəsinə tuşlayaraq yaxın məsafədən üç dəfə atəş açdı. Polis cəsədin üzərində qətlin siyasi məzmunu ilə bağlı heç bir şübhə yaratmayan bir qeyd tapdı: kağızda “Qələbə və ya ölüm” yazılmışdı. Bu, Boliviya partizanlarının şüarı idi.
Qətldən sonrakı ilk dəqiqələr də sirr olaraq qaldı. Axı qatil necə qaça bildi? Cinayətkar təkcə qiymətli vaxtını deyil, həm də tapançanı, pul kisəsini, eynək və parikini kənara atmışdı. Bir neçə dəqiqə sonra bütün bina polis tərəfindən mühasirəyə alınsa da, o, qaçmağı bacarmışdı.
Bəs Hamburqda öldürülən konsulun inqilabçı Çe Qevaraya nə aidiyyatı var idi? Bu əlaqə keçmişdə, uzaq Boliviyada başlanmışdı. Çünki Pereyro vaxtilə öz ölkəsinin ən qəddar məxfi polis rəislərindən biri olmuşdu, yeraltı solçu ekstremistlərə işgəncə verilməsinə və edam edilməsinə görə məsuliyyət daşıyırdı, onların arasında Çe Qevara da var idi.
Pereyro bilirdi ki, düşməni çoxdur, çünki Çenin ölümünün dəhşətli sübutu olaraq ölü Qevaranın əllərini də kəsməyi məhz o, əmr etmişdi. O, uzaq Hamburqda diplomatik toxunulmazlığın etibarlı fasadının arxasında sığınacaq tapacağını düşünürdü. Lakin Kastronun lənəti onu Elba sahillərinə qədər təqib etdi.
Pereyronu qətlə yetirən Monika Ertl bir vaxtlar rejissor Leni Rfenştayl ilə birlikdə Adolf Hitlerin sifarişi ilə “Olimpiya” filmini çəkən kinematoqrafçı Hans Ertlin qızı idi. İkinci Dünya Müharibəsi zamanı o, millətçi-sosialistlərin təbliğat film jurnalı üçün cəbhələrdən fotoşəkillər və reportajlar çəkirdi. Ancaq Hans Ertlin nasist hərəkatının sadəlövh qurbanı olduğuna inansaq belə, o, heç vaxt solçu radikal olmamışdı. Bəs o zaman qızı Monika necə solçu inqilabçı partizana çevrilmişdi?
Monika Hansın sevimli qızı idi. O, bütün qızlarından daha çox ona güvənir, onu öz yolu ilə getməyə layiq bilirdi. Hans “Mənim üçün Monika oğlumu əvəz edən övladım oldu” deyirdi. “O, yarı oğlan idi”. Atasının iki sənədli filmində o, buzlu zirvələrə qalxır, cəngəllikdə gəzir, şüşə qabda zəhərli ilanları tutur və ya piranya balığını tavada vam odda qızardırdı. O, “oğlan kimi” atəş açırdı, atası qürurla onun haqqında danışırdı. Ancaq qızının bir gün öz bacarıqlarını necə göstərəcəyini təsəvvür edə bilməzdi.
Bir gün atası ilə fikir ayrılığı yarandı. Səbəbləri bu günə qədər ancaq təxmin etmək olar. Jurnalist Yurgen Şrayber “O, Çe Qevara kimi öldü” kitabında ata və qızın qəfil ayrılmasını ancaq psixoloji baxımdan izah etməyin mümkün olduğunu bildirir. Başqa iddiaya görə, Hans Monikanı Boliviyada sığınacaq tapmış başqa bir qaçaq nasistə ərə verdikdən sonra ata-qız münasibətləri pozulmuşdu. Monika ərini sevmirdi və bir gün həmişəlik evini tərk etmişdi.
Əlbəttə ki, o vaxt səyahətləri zamanı Monika Boliviyada fəaliyyət göstərən böyük inqilabçı lider Çe Qevara haqqında eşitmişdi. Ancaq ölümündən dərhal sonra onun qoşunları ilə əlaqə saxlamışdı. O vaxt Boliviyanın Milli Azadlıq Ordusu adlanan ordu artıq acınacaqlı vəziyyətdə idi – görkəmli komandirini itirmiş, hər hansı təşkilatdan məhrum olmuş, ayrı-ayrı partizan dəstələrinin məğlub olmuş qruplara ayrılmışdı. Monika Ertl bu qruplardan birinə qoşulmuşdu. O, alman olduğu üçün nizam-intizamı, dəqiqliyi, çalışqanlığı və digər faydalı keyfiyyətləri yüksək qiymətləndirirdi.
O, qısa zamanda logistika şöbəsinə rəhbərlik edərək partizan dəstəsi təşkil etdi. Bütün bunlar öz bəhrəsini verdi və Ertl nəinki ayrı bir dəstəni, hətta bütün ordunu döyüşə hazır vəziyyətə gətirdi. Gənc qızın şöhrəti və nüfuzu elə artdı ki, partizanlar onu öz simvollarından biri kimi görməyə başladılar.
Partizanlar daha bir cəsarətli əməliyyatı 1972-ci ildə planlaşdırdılar. Daha çox “Lion qəssabı” kimi tanınan Klaus Barbinin oğurlanaraq öldürülməsini reallaşdırmaq istədilər. O, İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Boliviyaya qaçan və yerli hüquq-mühafizə orqanlarında çalışan nasist cinayətkarı idi. Təbii ki, bütün təzahürləri ilə nasizmə nifrət edən Monika Ertl könüllü olaraq onun məhv edilməsi əməliyyatında iştirak etdi. Lakin bu zaman partizanlar əsas amili nəzərə almadılar - Klaus Barbi qəddar və hiyləgər idi. Bundan əlavə, onun təkcə Boliviyada deyil, Qərbi Almaniyada (AFR) də güclü dostları var idi. Monika Ertl 1971-ci ildə polkovnik Pereyranı öldürmək üçün Almaniyaya gedəndə, onu nəzarət götürə bilmişdilər və o vaxtdan bəri daim nəzarət altında idi. Barbini aradan qaldırmaq üçün yeni bir əməliyyat keçirmək qərarına gəldikdə, AFR-dən olan kəşfiyyat agentləri ona xəbərdarlıq etdilər. Bundan sonra o, Monikanın özünə tələ qurdu.
1973-cü il mayın 13-də Monika Ertl əməliyyata hazırlaşdığı evlərdən birində olarkən Boliviya polisi onu yaxaladı. Qızı güllələdilər, şəklini çəkdikdən sonra cəsədini naməlum yerə apardılar. Almaniyada da polis istintaqı tamamlasa da, bütün sübutlar olsa da, Monika Ertl yalnız ehtimallara görə qatil kimi tanındı.
Alman qızı da kumiri kimi qəbirsiz qaldı. Ailəsi heç vaxt Çe Qevaranın “qisasçı-mələyi”nin harada dəfn edildiyini öyrənə bilmədi.
Hazırladı:
Səbuhi MƏMMƏDOV
XQ