ABŞ Prezidentinin “gömrük şlaqbaum”u

post-img

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Bu, qarşı tərəflərin tədbirlərinə rəvac verib, eyni zamanda, inflyasiyanın sürətlənməsi təhlükəsi və iqtisadi şoklar riski yaradıb.

Gömrük rüsumları ABŞ-la qonşu olan Kanada və Meksikadan idxal olunan məhsullar üzrə 25 faiz, Kanadadan daxil olan xam neft üçün isə 10 faiz səviyyəsində müəyyən edilib. 10 faiz rüsumlar isə Çindən gələn mallara şamil ediləcək.

Ağ evin rəhbəri bildirib ki, rusumların tətbiq edilməsi qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükələrlə bağlıdır: “Biz amerikalıları qorumalıyıq və hamımızın təhlükəsizliyini təmin etmək prezident kimi mənim məsuliyyətimdir”, – Tramp “Truth Social” sosial şəbəkədə yazıb.

İndiyədək ABŞ, Kanada, Meksika arasında ticarətə heç bir əlavə tarif tətbiq edilməyib. Trampın birinci prezidentliyi dövründə Vaşinqton, Ottava və Mexiko azad ticarət haqqında saziş imzalayıblar. USMCA (United States–Mexico–Canada Agreement) adlanan sazişin imzalanmasını Tramp tələb edib. Görünür, o vaxt ABŞ-ın maraqları indikindən fərqli olub.

Meksika və Kanada ABŞ-ın ən böyük ticarət tərəfdaşıdırlar. Vaşinqton Mexikonun ixracatının 80 faizindən çoxunu alır. ABŞ ilə Kanada isə bir-birinə təkcə coğrafi deyil, həm də iqtisadi baxımdan yaxındır. Onların arasında ticarətin həcmi 2023-cü ildə 1,8 trilyon dollara çatıb. ABŞ-ın Çinlə ticarətinin həcmi isə 643 milyard dollar təşkil edib.

Kanada həm də ABŞ-ın ən böyük xarici neft tədarükçüsüdür. Ötən ilin yanvar–noyabr aylarında ABŞ-a 90 milyard dollar dəyərində yanacaq göndərilib. Meksikanın göndərdiyi yanacağ isə 11 milyard dollar olub. Göründüyü kimi Kanada və Meksika ABŞ üçün əsas neft tədarükçüləridir.

Ekspertlər qeyd edirlər ki, onilliklər ərzində avtomobil şirkətləri regionda təchizat zəncirləri qurublar. “S&P Global Mobility”nin məlumatına görə, ABŞ-da satılan avtomobillərin və yüngül yük maşınlarının beşdə birindən çoxu Kanada və ya Meksikada istehsal edilib. 2023-cü ildə amerikalılar Meksikadan 69 milyard dollar, Kanadadan isə 37 milyard dollar dəyərində avtomobil və yüngül yük maşınları idxal ediblər. Bundan başqa, Meksikadan 78, Kanadadan isə 20 milyard dollarlıq avtomobil hissələri gətirilib. Məsələn, “Ford”un F seriyalı “pikap" avtomobillərindəki mühərriklər və məşhur “Mustang” idman kupesi Kanadada hazırlanır.

Bəs yeni tariflərin tətbiqi iqtisadi sahədə nə kimi nəticələrə səbəb olacaq? Gömrük rüsumlarının tətbiqi Kanada və Meksika iqtisadiyyatına təsir edəcək. İqtisadçıların hesablamalarına görə, bu ölkələr ümumi daxili məhsullarının (ÜDM), təxminən, 2 faizini itirə bilər. ABŞ iqtisadiyyatının isə cəmi 0,3 faiz azalacağı proqnozlaşdırılır.

Bu arada Tramp deyib ki, Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından yayınmaq üçün ABŞ-a 51-ci ştat kimi qoşulmalıdır: “Biz Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur. Məhdudiyyətsiz enerjimiz var, maşınlarımızı özümüz hazırlamalıyıq, istifadə edə biləcəyimizdən daha çox meşələrimiz var. Pulumuz da çoxdur”.

Tramp qeyd edib ki, böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmayacaq: “Buna görə də Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün aşağı vergilər, daha yaxşı hərbi müdafiə deməkdir. Həmçinin bu, sıfır tarif deməkdir”.

Kanada hökuməti ümumi dəyəri 155 milyard dollar olan ABŞ mallarına 25 faizlik cavab rüsumları tətbiq edəcək. Bu barədə Baş nazir Castin Trüdo bildirib. Deyib ki, tarif paketinə 4 fevraldan etibarən 30 milyard dollarlıq mallara dərhal, 125 milyard dollarlıq məhsullara isə 21 gün ərzində əlavə rüsumlar daxildir. Baş nazir xalqı marketlərdən ABŞ məhsulları yerinə Kanada məhsulları almağa çağırıb. Trüdo əlavə edib ki, Ottava enerji və kritik minerallar sahəsində ABŞ-a qarşı cavab tədbirlərini də nəzərdən keçirir.

Kanadanın Alberta əyalətinin rəhbəri Daniel Smit bildirib ki, Kanada Birləşmiş Ştatlardan başqa, digər ölkələrdən daha çox mal alır – “Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Vyetnamdan birlikdə aldığından daha çoxdur”. O, Ottava üçün digər ölkələrlə siyasi və ticarət əlaqələrini genişləndirmək üçün yeni fürsət açıldığını bildirib: “Artıq bir müştəridən asılı olmağa son qoymağın vaxtı çatıb. Biz rifahımızı məhdudlaşdırmağı və özümüzə zərər vurmağı dayandırmalıyıq”.

Meksika da ABŞ-ın rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək. Tariflər təkcə Kanada və Meksikaya deyil, ABŞ-ın özünə də zərər verəcək.

ABŞ-ın Kanada və Meksikaya tətbiq etdiyi gömrük tarifləri başqa ölkələrə, o cümlədən Almaniyaya da təsir edəcək. Meksika məhsullarına tətbiq edilən tariflər alman şirkətlərinə, xüsusən də avtomobil sənayesinə də ciddi zərbə vura bilər. Əksər alman avtomobil istehsalçıları və bir çox komponent təchizatçıları Meksikadan ucuz istehsal sahəsi kimi istifadə edirlər. Oradan öz məhsullarını ABŞ bazarına çıxarırlar. “Volkswagen”, “Audi” və “BMW” şirkətlərinin Meksikada zavodları var. “Mercedes-Benz” isə bu ölkədə “Nissan” şirkəti ilə birgə avtomobillər istehsal edir. Tarif tətbiqindən sonra avtomobillərin və onların hissələrinin qiymətləri qalxacaq və ABŞ bazarında yerli istehsalla rəqabət apara bilməyəcək. Alıcılar daha ucuz və keyfiyyətli avtomobillərə üstünlük verəcəklər.

Bir çox alman avtomobil istehsalçısının Çində də fabrikləri var, lakin onların istehsalı, ilk növbədə, Çin bazarına yönəlib. “Advyce & Company” konsaltinq şirkətinin eksperti Stefan Hecht deyir: “Vaşinqtonun Pekinlə bağlı qərarı Almaniyaya təsir edəcək. Çinin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına maneələrin artması fonunda onlar öz məhsullarını Avropaya yönəldəcək”.

Hadisələrin bu fonunda ABŞ prezidenti tezliklə Avropa İttifaqından (Aİ) idxal olunan mallara da rüsum tətbiq etmək niyyətindədir. Bazar günü Ağ evin rəhbəri deyib: “Mənim cədvəlim yoxdur, lakin bu, tezliklə baş verəcək”. Onun sözlərinə görə, ABŞ-ın Aİ ilə ticarət kəsiri 300 milyard dollara çatıb: “Atlantik okeanının o tayındakı tərəfdaş ABŞ-dan heç bir avtomobil və ya kənd təsərrüfatı məhsulu almır. ABŞ isə “hər şeyi alır”.

Beləliklə, Tramp gömrük tariflərinin tətbiq dairəsini genişləndirmək istəyir. Bu, istehsalçıları risk altına alaraq ixracın səviyyəsini aşağı salacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya