Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ölkədə yaşayan Qərbi azərbaycanlılarla görüş keçirilib.
Mərkəzin direktoru Akif Marifli ermənilərin həm Azərbaycan ərazisində, həm də Qərbi azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırımı siyasətindən danışıb. O, XIX–XX əsrlərdə azərbaycanlıların Qafqazın ictimai-siyasi, ədəbi-mədəni həyatındakı rolu haqqında söhbət açıb.
Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyinin sədri İlham Abdullayev Azərbaycan Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı məqsədyönlü iş apardığını, son 200 il ərzində həmvətənlərimizin deportasiya və soyqırımına məruz qaldığını bildirib, tarixi abidələrimizin, məscidlərimizin dağıdıldığını diqqətə çatdırıb.
AMM-nin əməkdaşı Kərimulla Məmmədzadə öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşməyin vacib olduğunu bildirib, bununla bağlı Qərbi Azərbaycan İcmasının xüsusi konsepsiya hazırladığını diqqətə çatdırıb.
Soydaşlarımızdan İsmayıl Məmmədov, Süleyman Tağıyev və başqaları uzun illər Vətəndən kənarda yaşayan soydaşlarımızın vahid bir təşkilatda birləşməsi, onların əlaqələndirilməsi baxımından ictimai birliyin vacib olduğunu bildiriblər.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd