ABŞ Prezidenti Donald Trampın Qəzza qaçqınlarının qonşu ərəb dövlətlərinin ərazilərində yerləşdirməklə bağlı gözlənilməz təklifi Yaxın Şərq ölkələrində kəskin mübahisələrə səbəb olub. Türkiyə rəsmisi də bu məsələ ilə bağlı öz prinsipial mövqeyini açıqlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada həmkarı Məəhəmməd bin Əbdülrəhman Al Tani ilə birg keçirdiyi mətbuat konfransında bu ideyanın Fələstin xalqının milli maraqlarına zidd olduğunu bildirib. Ankara belə avtoritar yanaşmanı qəbul etmir.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, fələstinlilərin doğma yurdlarından zorla çıxarılaraq başqa ölkələrə göndərilməsi insan hüquqlarının pozulması deməkdir. H.Fidan beynəlxalq ictimaiyyəti Ağ evin bu planının qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb.
Türkiyəli nazir suriyalıların ən zəruri ehtiyaclarının ödəniliməsi istiqamətində Qətər dövlətinin göstərdiyi dəstəyi yüksək dəyərləndirərək deyib: “Biz bu istiqamətdə birlikdə işləyirik. Qətərin bu humanitar təşəbbüslərini təqdir edirik. Bunlar pozitiv addımlardır”.
H.Fidan vurğulayıb ki, bu gün Suriyadakı bütün silahlı dəstələrin vahid milli ordunun rəhbərliyi altında birləşməsi vacibdir: “Eyni zamanda, İŞİD terrorçuları ilə mübarizə çərçivəsində PKK təşkilatı və onun Suriyadakı uzantısı YPG yaraqlıları ilə mübarizə davam etdirilməlidir. Hazırda Suriyanın yeni hakimiyyəti bu istiqamətdə səylərini davam etdirir. Türkiyə bu prosesi yaxından izləyir. Ankara ümid edir ki, problem sülh yolu ilə həll olunacaq, əks təqdirdə Türkiyə Suriyada terrorun davam etdirilməsinə seyrçi qala bilməz”.
H.Fidan çıxışında yenidən İsrail–Fələstin münaqişəsinə qayıdaraq deyib ki, Türkiyə Qəzzada İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasını dəstəkləyir, bununla bərabər bölgədə dayanıqlı sülhün əldə olunması üçün “iki millət, iki dövlət” prinsipinin həyata keçirilməsinə çalışır. Onun fikrincə, bu məsələdə lazımi irəliləyiş əldə olunmazsa, tərəflər arasında döyüşlər təkrarlana bilər və bu, öz növbəsində, sabitliyin təhdid olunması üçün şərait yaradar.
Türkiyənin xarici işlər naziri, həmçinin qeyd edib ki, prezident Barak Obamanın dönəmində Ağ ev PKK və YPG yaraqlılarına guya İŞİD terror qruplaşmasına qarşı mübarizə apardıqlarını yardım edirdi. ABŞ faktiki olaraq kürd separatçılarını dəstəkləyirdi. Bu siyasət Türkiyənin milli maraqları ilə tam ziddiyəyyət təşkil edirdi. .
Türkiyə ümid edir ki, Ağ evin yeni sahibi prezident Tramp keşmiş dövlət başçıları Obama və Baydendən fərqli olaraq bu məsələdə daha ədalətli mövqe nümayiş etdirəcək. Bu isə Vaşinqtonla Ankara arasında əlaqələrə yeni dinamizm gətirə bilər.
PKK terrorçuları İŞİD-lə mübarizə devizi altında bölgədə ağır zorakılıqlar törətməkdə davam edir. Ankara hesab edir ki, İŞİD yaraqlıları ilə mübarizəyə bütün region dövlətləri qoşulmalıdır. H.Fidanın sözlərinə görə, Türkiyə bu istiqamətdə İraq, Suriya və İordaniya ilə ilkin danışıqlar aparır.
Qətərin xarici işlər naziri isə, öz növbəsində, ölkəsinin fələstinli qaçqınların qonşu ərəb dövlətlərinin ərazilərində yerləşdirilməsi ideyasını dəstəkləmədiyini bildirib. Qətər rəhbərliyi də əmindir ki, fələstinlilərin öz müstəqil dövlətlərini yaratmaq haqqı tanınmalıdır.
Məsaim ABDULLAYEV
XQ