ABŞ-ın paytaxtı Vaşinqtondakı Kapitoli binasında yeni seçilmiş prezident Donald Trampın inaqurasiya mərasimi keçirilir.
60-cı prezident seçkiləri ilə bağlı andiçmə yerli vaxtla saat 12:00 radələrində (Bakı vaxtı ilə 21:00) başlayıb.
Andiçmə mərasimi ilə ABŞ-da rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçir.
Mərasimin keçirildiyi Kapitoli binasının rotondasında 800-ə yaxın qonaq iştirak edir. Həmçinin Kapitolinin həyətində yerləşən müxtəlif binalarda iştirak edən qonaqlarla birlikdə mərasimə 2600-ə yaxın qonaq qatılıb.
Əvvəlcə yeni seçilmiş vitse-prezident David Ceyms Vens, daha sonra yeni seçilmiş prezident Donald Tramp and içiblər. Ardınca Trampın çıxışı nəzərdə tutulub.
Tramp andiçmə mərasimində Avraam Linkolnun 1861-ci ildə andiçmə zamanı istifadə etdiyi İncildən istifadə edib. O, eyni zamanda, 2017-ci ildə and içdiyi öz şəxsi İncilindən də istifadə edib. Andiçməni ABŞ-ın Baş hakimi Con Roberts qəbul edib.
Andiçmə gerçəkləşdikdən sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitolidəki Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək.
İnaqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da iştirak edirlər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Mask və Ceff Bezos da mərasimi ön sıradan izləyənlər arasındadır.
Tədbirin daha əvvəl Kapitol binasının qərb həyətində keçirilməsi planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitoli binasının rotondasına keçirilib. (AZƏRTAC)