Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 yanvar Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.
Mərasimdə Qazaxıstanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.
Əvvəl ümummilli lider Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə həsr olunan stendin önünə gül dəstələri düzülüb.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı həm də qəhrəmanlıq və rəşadət rəmzi kimi anılır.
Səfir nəzərə çatdırıb ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində mümkün olub. Faciədən bir gün sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək faciənin törədilməsində keçmiş SSRİ rəhbərlərini ittiham edib.
Deyilib ki, Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb, şəhidlərin xatirəsi əbədiləşdirilib və şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyub, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bölgədə yeni reallıqlar yaranıb, azad olunmuş ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Səfir Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qalxdığını deyib. O, müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı Qazaxıstanın inkişafına soydaşlarımızın öz töhfələrini verdiklərini, onların ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərdiklərini qeyd edib, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında həmvətənlərimizin də mühüm rol oynadıqlarını bildirib. Diplomat dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanın aidiyyəti qurumlarının, sadə vətəndaşlarının dərhal köməyə gəlməsinin xalqlarımız arasında qardaşlıq bağlarının tək sözdə deyil, əməldə də öz təsdiqini tapdığını vurğulayıb.
Diasporumuzun nümayəndələri Mahir Rzayev və Səyyaf İsmayılov 20 Yanvar faciəsinin günahkarlarını ittiham ediblər.
Tədbir çərçivəsində təşkil olunan sərgidə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən fotostend ilə tanış olublar.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.
20 Yanvar faciəsi ilə bağlı Qazaxıstan mətbuatında geniş materiallar dərc edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana