Laçın rayonunda Azərbaycan Respublikası Prezidentin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü”nün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Bakı Abadlıq Xidməti”nə bağlı olan “Laçın Abadlıq Xidməti”nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və 20 Yanvar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının başına gələn faciəni əks etdirən bir səhifədir. Xatırladılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə sovet ordusunun qoşunları Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Məsim Məmmədov qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən ümummilli lider Heydər Əliyev oldu: “Ulu öndər həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir”.
Xüsusi nümayəndə Azərbaycanın ağır tarixi yol keçdiyini diqqətə çatdırıb: “Son illərdə xalqımızın qarşılaşdığı çətin sınaqlar və bəlalar, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun və xalqımızın birliyi sayəsində qələbə ilə nəticələnmişdir. Torpaqlarımız erməni işğalından azad edilib, doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağı əzəmətlə dalğalanır. Böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır. Ölkəmiz güclü və müasir bir dövlətə çevrilib”.
Daha sonra Laçın rayon ağsaqqalı Osman Həsənov və şəhid Vaqif Salmanovun qızı Vüsalə Salmanzadə çıxış edərək, 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətini, azadlıq mübarizəmizdə oynadığı mühüm rolu və şəhidlərimizin igidliyini vurğulamışdır. Onlar, bu faciənin xalqımızın azadlıq əzmindəki qətiyyəti möhkəmləndirdiyini, eyni zamanda xalqımızı birliyə və böyük amal yolunda sarsılmaz iradəyə sürüklədiyini ifadə ediblər.
Tədbirin bədi hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və “Silahdaşlar” adlı sənətli film nümayiş olunub.