Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

post-img

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib. Anım mərasimində Çexiyanın aparıcı universitetlərinin professorları, Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və səfirliyin kollektivi iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı səfirlikdə yaradılmış guşənin önünə çiçəklər düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan mübarizənin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən söhbət açılıb. 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyə qovuşduğu qeyd olunub.

Həmin dövrdə böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradənin əhəmiyyəti vurğulanaraq, Ulu Öndərin SSRİ rəhbərliyi tərəfindən törədilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində xalqın lideri kimi oynadığı mühüm rol diqqətə çatdırılıb.

Tədbir iştirakçıları həmçinin, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və post-münaqişə mərhələsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ölçüyəgəlməz işlər barədə də məlumatlandırılıb. Müstəqilliyimizin qorunması və torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın apardığı müqəddəs mübarizənin kökündə 20 Yanvar ruhunun dayandığı vurğulanaraq, bu ruhun həmişə yaşayacağına əminlik ifadə olunub.

Tədbir zamanı Yanvar hadisələrini əks etdirən video-çarxlar nümayiş etdirilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa



Qan yaddaşı