Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək artır

post-img

Suriyada Bəşər Əsədin ölkəni tərk etməsindən (8 dekabr) sonra həyatın normal məcraya qayıtması üçün addımlar atılmaqdadır. Bu addımlar təkcə siyasi sahələrdə deyil, ictimai proseslər çərçivəsində də özünü göstərir. Dünən aldığımız məlumata görə, artıq paytaxt Dəməşqdə yenidən fəaliyyətə başlayan hava limanından ilk sərnişin təyyarəsi havaya qalxıb. Təyyarə ölkənin şimalındakı Hələb şəhərinin hava limanına uğurla eniş edib.

Məlumatda bildirilib ki, Suriya Hava Yollarına məxsus təyyarənin uçuşunu 7 min nəfər izləyib və bu, bütün zamanların ən çox izlənən uçuşu olub. Bu, eyni zamanda, artıq Suriyada silahdan və sözdən işə keçildiyini, mülki həyatın nizama düşmək üzrə olduğunu göstərir.

Dünən Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də Avropa Parlamentində çıxışı zamanı təmsil etdiyi təşkilatın Suriyanın bərpasına öz töhfələrini verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, ölkənin yeni rəhbərliyinin atdığı addımlar ümidvericidir. Belə ki, inklüziv hökumət yaradılması, milli azlıqların müdafiəsi və İŞİD terror təşkilatı ilə mübarizənin davam etdirilməsi kimi addımlar əhəmiyyətlidir: “Mən İordaniya və Türkiyədən yenicə qayıtmışam. Bu ölkələrlə regionda sabitlik yaradılması üçün nə kimi birgə işlər görülməsini müzakirə etdim”.

Siyasi müstəvidə isə ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatı ilə bağlı addımlar atılmaqda, bəyanatlar səslənməkdədir. İllərdən bəri bu ölkənin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən əsas ölkə Türkiyə olub. Maraqlıdır ki, bu mövqeni getdikcə daha çox ölkə müdafiə edir. Hazırda Suriyada sabitliyin yaranması və təhlükəsizliyin təmin olunması üçün ən çox çalışan da Türkiyədir, Prezident Rəcəb Tayyib Ərdoğandır. Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da təsdiqləyib: “Suriyada qeyri-müəyyənlik çoxdur. Ancaq bu ölkədə baş verəcək hadisələrin açarı Türkiyənin əlindədir”.

Dünən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvləri də Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıblar. BMT TŞ-yə 15 üzv dövlətin bununla bağlı birgə bəyanatı elan edilib. Şura üzvləri BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin bu prosesin asanlaşdırılması istiqamətində səylərini dəstəklədiklərini də bir daha təsdiq etdilər.

Bəyanatda bütün suriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan və gələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyən etməyə imkan verən bir prosesin zəruriliyi vurğulanır. Bundan əlavə, qeyd olunur: “Suriya və onun qonşularının bir-birinin təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı hərəkət və müdaxilədən qarşılıqlı şəkildə çəkinməsi vacibdir”.

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyada terrorla mübarizənin vacibliyini, İŞİD və digər terror təşkilatlarının öz imkanlarını bərpa etməsinin yolverilməzliyni vurğulayıblar. Eyni zamanda, bildirilir ki, ölkədə insan hüquqlarına, o cümlədən ədaləti axtarmaq hüququna, beynəlxalq humanitar hüquqa bütün hallarda qəti şəkildə riayət edilməlidir. Bundan başqa, diplomatik və konsulluq binalarının və personalının toxunulmazlığına hörmət edilməsinin zəruriliyi xatırladılır.

BMT-nin Baş katibi Antonio Quterreş isə Suriyada fəaliyyətə başlamış müvəqqəti hökumətin mülki şəxsləri, o cümlədən humanitar yardım işçilərini qorumaq öhdəliyinə sadiqliyini alqışladığını bildirib. Suriyadakı vəziyyətlə bağlı yazılı açıqlamasında Quterreş humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Tom Fletçeri humanitar yardımların genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyini, onun “Həyat Təhrir əl-Şam” (HTŞ) lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) və müvəqqəti hökumətin baş naziri Məhəmməd əl-Bəşirlə görüşlər keçirdiyini bəyan edib: “Mən müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”.

Quterreş müvəqqəti hökumətin bütün sərhəd-keçid məntəqələri vasitəsilə tam humanitar çıxışın təmin edilməsi, humanitar missiyalar qarşısında bürokratik maneələrin aradan qaldırılması və əsas səhiyyə və təhsil xidmətlərinin davamlılığının təmin edilməsi ilə bağlı razılaşmalarını da yüksək qiymətləndirib: “Beynəlxalq ictimaiyyət Suriya xalqını daha yaxşı gələcək qurmaq axtarışında dəstəkləməlidir”, – deyə BMT rəhbəri əlavə edib.

Suriyanın gələcək taleyi ilə bağlı məsələlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüşdə də müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin Suriya xalqının və administrasiyasının yanında olduğunu, Suriyanın ərazi bütövlüyünün, birliyinin və unitar quruluşunun qorunmasını müdafiə etdiyini, beynəlxalq ictimaiyyətin ölkənin yenidən qurulması prosesində əməkdaşlıq etməli olduğunu bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə milli təhlükəsizliyini qorumaq və Suriyadakı qeyri-sabitliyə dərhal son qoymaq üçün bütün terror təşkilatlarına qarşı mübarizə aparır və bu proses davam edəcək.

Paşa ƏMİRCANOV
XQ

Dünya