Kolumbiya Antropologiya və Tarix İnstitutunun alimləri 1708-ci ildə Karib dənizində batmış İspaniyanın “San Xose” gəmisinin qalıqlarını yenidən tədqiq ediblər. Dənizin dibinə enən robot dağıntılar arasında yeni qızıl əşyalar, şüşə və keramik qablar, çuqun toplar və digər əşyalar aşkarlayıb.
“San Xose” gəmisi 1696-cı ildə suya buraxılıb və 1708-ci ildə Kolumbiyanın Kartagena sahillərində ingilis donanması ilə döyüşdə batıb. 600 ekipaj üzvündən yalnız 11-i sağ qalıb. Gəmi ilə birlikdə “Yeni dünya”dan İspaniya kralına çatdırılması nəzərdə tutulan yüzlərlə ton xəzinə də batıb. Uzun illərdir ki, xəzinə ovçuları “San Xose” gəmisinin sərvətini əldə etməyə can atırlar.
Kolumbiya “San Xose”nin 2015-ci ildə tapıldığını bildirib. Lakin qalıqların dəqiq yeri açıqlanmır. Alimlər daha əvvəl sualtı dronların köməyi ilə gəminin qalıqlarını tədqiq ediblər. 2022-ci ildə artefaktların vəziyyətini və miqdarını qiymətləndirmək üçün dörd dəfə qəza yerinə eniblər. Bu ilin yazında Kolumbiya hökuməti dənizin dibindən artefaktların qaldırılması üçün ekspedisiyaya hazırlıqların başladığını elan edib. İyun ekspedisiyasında yeni tapıntılar aşkar olunub.
S.ELAY
XQ