Ukrayna Rusiya ilə dialoqa və danışıqlara hazırdır. Lakin danışıqlar ədalətli və rasional olmalı, həmçinin praktiki əhəmiyyət kəsb etməlidir.
AZƏRTAC xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu barədə çinli həmkarı Van İ ilə görüşü zamanı deyib.
ÇXR-in xarici siyasət idarəsinin rəhbəri isə öz növbəsində davamlı sülh üçün şəraitin yetişmədiyini, buna baxmayaraq Pekinin sülhü təşviq edəcək bütün səyləri dəstəklədiyini və bu istiqamətdə konstruktiv rol oynamağa hazır olduğunu qeyd edib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə hazırda Ukraynada vəziyyətin dinc məcraya keçməsi üçün heç bir əlamətin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya üçün mütləq prioritet Ukraynada aparılan əməliyyatın məqsədlərinə nail olmaqdır və bu, yalnız hərbi yolla mümkündür.
Putinin sülh təklifləri
İyunun ortalarında Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə sülh yolu ilə son qoymağı təklif edib. Dövlət başçısının fikrincə, Kiyev danışıqlara başlamaq üçün öz qoşunlarını Rusiyanın “yeni regionlarından” (Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri) çıxarmalıdır. Eyni zamanda Kiyev rəsmi olaraq NATO-ya daxil olmaqdan imtina etməli, “demilitarizasiya” və “denasifikasiya” proseslərini həyata keçirməli, həmçinin neytral və nüvəsiz dövlət statusunu qəbul etməlidir. Bundan əlavə, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini, həmçinin Krımı Rusiya ərazisi kimi tanımalıdır.