Qırğızıstan, Özbəkistan, Azərbaycan və Tacikistan hərbçiləri “Birlik-2024” təlimində iştirak etmək üçün Qazaxıstanın Manqistau vilayətinə gəlib. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib.
Aktaudakı hərbi aerodromda və hərbi dəniz bazasının limanında iyulun 8-dən 17-dək “Birlik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək. Hərbi təlim Oymaşa poliqonunda və Tokmak burnundan iki kilometr aralıda baş tutacaq.
MN qeyd edib ki, iştirakçı ölkələrin hərbi kontingenti hərbi-nəqliyyat təyyarələrində gəlib: “Təlimdə iştirak etmək üçün Azərbaycan patrul və orta desant gəmilərini, Özbəkistan isə ordu aviasiya helikopterlərini göndərib. Hərbi poliqonda və Karakiyansk rayonundakı Tokmak burnunda qoşunların yerləşdirilməsi və dəstəklənməsi üçün çadır düşərgələri hazırlanıb”.
Təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq. Taktiki epizodlar yerüstü və hava kəşfiyyat qrupları, dəniz xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək.
P.ƏMİRCANOV
XQ