ABŞ-ın ardınca Avropa ölkələri də Yaponiya ilə hərbi əlaqələrini aktiv şəkildə gücləndirmək qərarına gəlib. İyul ayında Almaniya, Fransa və İspaniyanın təyyarələri yerli Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə təlimlər keçirmək üçün Yaponiyaya uçacaq. Bundan əlavə, Avropa İttifaqı hərbi texnikanın birgə istehsalı sahəsində Tokio və Seul ilə tərəfdaşlıq əlaqaləri qurmaq niyyətindədir. Müttəfiqlər əmindirlər ki, asiyalı tərəfdaşlarla hərbi əməkdaşlığın gücləndirilməsi regionda müxtəlif böhranların öhdəsindən daha yaxşı gəlməyə imkan verəcək. Ancaq Çin düşünür ki, belə təlimlər regional gərginliyin daha da kəskinləşməsinə gətirib çıxaracaq.
İyulun ortalarında Fransa, Almaniya və İspaniyadan Yaponiyaya bir neçə hərbi nəqliyyat və yanacaqdoldurma təyyarəsi Yaponiyaya uçacaq. Bundan başqa, bu ölkələrin çoxsaylı şəxsi heyəti də “gündoğar”a gələcək. Yaponiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Almaniya və İspaniyanın “Eurofighter Typhoons”, eləcə də Fransanın “Rafale” təyyarələrindən ibarət desant qrupu yerli Hava Özünümüdafiə Qüvvələri ilə bir sıra təlimlər keçirəcək. İyulun 19-20 - də Yaponiyada keçiriləcək təlimlər Berlin, Paris və Madridin "Sakit okean səması" adlı iki aylıq üçtərəfli təlimlərinin ilk hissəsi olacaq. Bu, sadalanan ölkələrin Hərbi Hava Qüvvələrinin Hind-Sakit Okean regionunda ilk belə yerləşdirilməsi olacaq. Daha sonra onlar Hindistan, Avstraliya və ABŞ ilə birgə təlimlərdə iştirak edəcəklər. Eyni zamanda, adı açıqlanmayan alman nümayəndəsi “Japan Times” qəzetinə bildirib ki, Yaponiyadakı təlimdən sonra hər üç ölkənin hərbçiləri Avstraliyada keçiriləcək növbəti təlimlərə qatılacaqlar.
Yaponiyanın müdafiə naziri Minoru Kihara bu münasibətlə bildirib ki, avropalılarla birgə təlimlər ölkənin hərbi hava qüvvələrinin taktiki bacarıqlarını təkmilləşdirməklə yanaşı, “azad və açıq Hind-Sakit okean regionunun həyata keçirilməsinə kömək edir”. Mütəxəssislərin sözlərinə görə, “azad və açıq Hind-Sakit Okean regionu” ifadəsi uzun müddətdir ki, rəsmi Tokio tərəfindən istifadə olunur. Məsələ ondadır ki, Yaponiya Çinin bu regionda fəaliyyətindən narahatdır və Tokio Pekin ilə qarşıdurmada ənənəvi olaraq dəstəyi Vaşinqtondan alıb. Ancaq Ukraynadakı hadisələrdən sonra və Tayvan ətrafında artan gərginlik fonunda Yaponiyanın Baş naziri Fumio Kisida Avropanın təhlükəsizliyinin Hind-Sakit okean bölgəsinin təhlükəsizliyindən “ayrılmaz” olduğu tezisini getdikcə daha çox müdafiə etməyə başlayıb və Avropa ölkələrini də müdafiə sahəsində əməkdaşlığa cəlb etməyə çalışır.
Belə əməkdaşlığa “Köhnə dünya”dan da can atırlar. Son bir neçə ildə bir sıra Avropa ölkəsi Yaponiya, Cənubi Koreya, Avstraliya və Filippin kimi ABŞ-ın digər regional müttəfiqləri ilə əlaqələri gücləndiriblər. Eyni zamanda, Avropa İttifaqı səviyyəsində Tokio ilə yaxınlaşma müşahidə edilir. Hələ bu ilin fevralında Aİ liderlərinin sammitlərindən birinin yekunlarına görə Brüssel təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişinin bağlanması ilə bağlı Yaponiya ilə danışıqlar aparmaq niyyətində olduğunu bəyan etmişdi. O vaxt söhbət ilk növbədə dəniz təhlükəsizliyi, kəşfiyyat məlumatlarının mübadiləsi və hibrid hücumlara qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsindən gedirdi.
Ötən bazar günü Yaponiyanın “Nikkei” qəzeti Avropa Komissiyasının adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsinə istinadən yazıb ki, Brüssel təkcə Yaponiya ilə deyil, həm də Cənubi Koreya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq qurmaq niyyətindədir və bu əməkdaşlığın silah və hərbi texnikanın birgə istehsalına istiqamətlənəcəyini bildirib. Nəşrin məlumatına görə, tərəflər ilin sonuna kimi Tokio ilə nazirlər səviyyəsində konkret razılaşmalar əldə etmək niyyətindədirlər ki, yeni ildə Aİ Yaponiya və Avropa şirkətlərinin birgə layihələrini maliyyələşdirə bilsin.
Xatırladaq ki, ötən il Yaponiya Böyük Britaniya və İtaliya ilə birlikdə altıncı nəsil qırıcının hazırlanması haqqında müqavilə imzalamışdı. Bu ay Yaponiyanın Baş naziri Fumio Kisida və Ağ evin sahibi Co Baydenin müdafiə sənayesinin əməkdaşlığı, satınalmaları və davamlı inkişafı üzrə ikitərəfli forumun yaradılması ilə bağlı aprel razılaşması çərçivəsində ABŞ ilə danışıqlara başlayıb. Eyni zamanda, tərəflər təyyarələrin təmiri, eləcə də raketlərin birgə istehsalı üçün əlaqələri genişləndirməyə qərar veriblər. Bununla belə, həmfikir ölkələrlə daha sıx əlaqəyə doğru atılan hər bir addım ardıcıl olaraq Tokioda “İkinci Dünya müharibəsindən bəri ən sərt və mürəkkəb təhlükəsizlik mühiti” qarşısında qaçılmaz zərurət və Asiya-Sakit Okean regionunu daha təhlükəsiz hala gətirməyin yeganə mümkün yolu kimi təqdim edilir.
Lakin Rusiya və Çin bu məsələdə həmişə əks fikirdə olublar. Çinin “China Daily” qəzeti iyunun 26-da redaksiya məqaləsində yazıb ki, Avropa İttifaqının Yaponiya və Cənubi Koreya ilə planlaşdırılan əməkdaşlığı qlobal və regional dünya üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq. Pekində düşünürlər ki, geosiyasi gərginliyin və təhdidlərin artması nəticəsində təklif olunan tərəfdaşlıq istər-istəməz Şimal-Şərqi Asiyada və bütün Asiya-Sakit Okean regionunda gərginliyi daha da artıracaq: “Bu, regionda yaranmış və heç bir tərəfin maraqlarına cavab verməyən qapalı dairəyə daha böyük təkan verəcək”.
S.ELAY
XQ