Ermənistan saf çeşmələrin hövzəsinə zəhər axıdır

post-img

Əhalinin içməli suya olan tələbatının, eləcə də kənd təsərrüfatı məhsullarının suvarılmasında Kür və Araz çayları önəmli rol oynayır. Hər iki çay öz mənbəyini Türkiyədən götürür, Gürcüstan və Ermənistan ərazilərindən keçərək Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Təəssüf ki, Ermənistan və Gürcüstan ərazilərində çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir. Nəticədə suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olur və vətəndaşlarımızın sağlamlığı üçün təhlükə törədir. 

Bu aktual məsələ ilə bağlı əməkdaşlarımız AMEA Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyevdən müsahibə götürüblər. 

 –  İsmayil müəllim, Kür və Araz çayları və onların əksər qolları ölkəmizdən kənarda formalaşır və Xəzər hövzəsinə axır. Bu, ərazinin relyefindən asılıdır, deyilmi? 

–Təbii ki, belədir. Gördüyünüz kimi, bunun həm müsbət, həm də mənfi cəhətləri var. Məlumdur ki, ölkəmizin çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Tranzit çayların əsas axımı respublika ərazisindən kənarda, qonşu ölkələrdə formalaşır. Kür və Araz çayları transsərhəd və sərhəd çaylarına aiddir. Araz çayı isə Kürün ən böyük qoludur. 

Onun Xəzər dənizinə tökülməsi ölkəmizin relyefi ilə bağlıdır. Yəni səbəb relyefdir. Səviyyəsinə görə, Azərbaycan Cənubi Qafqazda dağ, dağətəyi və düzənlik ərazilərdə yerləşir. Gürcüstan və Ermənistan bizim ərazimizdən hündürdədir. Bu səbəbdən də hər iki çayın axdığı ərazilər ölkəmizə doğru meyillidir. Nəticədə hər iki çayın suyu ölkəmizin ərazisindən keçərək Xəzər dənizinə tökülür. 

–Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan ərazisində çirkləndirilir. Çayın ekoloji çirikləndirmə mənbələri barədə məlumat verərdiniz.

–Kür çayı Tbilisi və Rustavi kimi iri sənaye şəhərlərindən keçir. Acı həqiqət budur ki, hər iki şəhərin sənaye və kanalizasiya suları təmizlənmədən Kürə axıdılır.

Bu çay, eyni zamanda, ölkəmizin ərazisində Xrami çayını qəbul edir. Bolnisi rayonunun ərazisində yerləşən Madneuli dağ-mədən müəssisəsində işlədilmiş sianid tullantıları Maşaveri çayı vasitəsilə Xrami çayına axıdılır. Onun vasitəsilə də zəhərli maddələr Kürə qarışır.

 Ermənistanın Alaverdi dağ-mədən müəssisəsinin tullantıları da təmizlənmədən Debet çayına axıdılır. Həmin çay Xrami çayının bir qoludur və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun ərazisindən keçir.

Beləliklə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axar su hövzələrinə axıdılan məişət tullantıları və çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olur. 

Bizim araşdırmalara görə, civə, fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) 2-3 dəfə keçir. İllərlə davam edən bu proseslər nəticəsində Kür çayının sahilyanı sahələri və çayın dibinin çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalır.

–Araz çayında da vəziyyət Kürdən fərqli deyil. Bu çayın çirkləndirilməsində Ermənistandakı müxtəlif dağ-mədən müəssisələrinin “böyük rolu” var... 

–Ermənistan bizim çayların başına min bir oyun açır. Çay Azərbaycan ərazisinə daxil olanadək xeyli çirklənmiş olur. Xüsusilə, Ermənistan ərazisində yerləşən Ararat qızıl fabrikinin çirklənmədə rolu böyükdür. 

Qeyd edim ki, bir çox yataqlardan xammal Ararat qızıl fabrikinə daşınır və orada qızıl konsentratları yuyulur, saflaşdırılır, külçə halına salınaraq Rusiya və digər ölkələrə satılır. Tullantılar isə Şərur rayonundan keçən çayla Araza tökülür. Hətta suda o qədər çirkab olur ki, o, qatı mayeni xatırladır. 

Biz onu “Qara arx” adlandırırıq. Mən çaydan nümunələr götürəndə dəhşətə gəldim. Suda misin, molibdenin, qurğuşunun qatılığı çox yüksəkdir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə 6-15 dəfə artıq olub. 

Bundan başqa, Ermənistanın Meğri rayonunda Aqarak mis-molibden kombinatı fəaliyyət göstərir. Bu müəssisə Araz çayına çox yaxın məsafədə yerləşir. Kombinatın ağır metal tərkibli tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Buradakı Davazam tullantı anbarında təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanıb. Anbarın suyu isə Araz çayına axıdılır. 

–Eşitdiyimizə görə, ermənilər Oxçuçayı özlərinin sənaye tullantılarının kollektoruna çeviriblər…

–Zəngilanda Oxçuçay Araza qarışır. Mən bu çayda 4-5 il elmi tədqiqatlar aparmışam. Çay sularının dinamikasını öyrənmişəm. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. 

Monitorinq və analizlərin nəticələri, eyni zamanda, çayda bioloji varlıqların kütləvi məhv olması faktları bir daha təsdiq edir ki, çayın suları Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının toksiki tullantıları ilə çirkləndirilir. Ağır metalların çaya axıdılması yalnız çayın faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün ciddi təhlükə törədir. 

Bu gün Zəngilanın allüvial-çəmən torpaqlarının 1–1,5 metr dərinliyində Qacaran və Qafan müəssisələrinin zəhərli maddələri toplanıb. 

Şəxsən özüm fikir vermişəm, Oxçuçayın suları Araza qarışanda, hardasa, 4–5 metr enində, 500 metr uzunluğunda kəskin sərhəd əmələ gətirir. Adi gözlə iki çayın suyunun fərqi aydın görünür. Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. 

–Bəs, Həkəri çayında vəziyyət necədir?

–Bildiyiniz kimi, Arazın sol qollarından biri də Azərbaycan ərazisində formalaşan Həkəri çayıdır. Bu, yeganə, bəlkə də unikal çaydır ki, təmizdir. Bu çaydan çox səmərəli istifadə etmək lazımdır. O, su ehtiyatları baxımından da çox zəngindir. Həkəri bərpa olunan Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında əhəmiyyətli rol oynaya bilər. 

Təqdirəlayiq haldır ki, çayın üzərində ümumi tutumu 90 milyon kubmetr olan böyük su anbarının tikintisi həyata keçirilir. Su anbarı inşa etməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür.

Təəssüf olsun ki, Həkərinin sağ qolu olan, əsasən, Ermənistan ərazisində formalaşaraq respublika ərazisinə daxil olan Bərgüşad çayı müəyyən qədər kirlənməyə məruz qalıb. Çünki Bərgüşad çayı üzərində, Dəstəgird molibden kombinatı vardı. O kombinatın iqtisadi əhəmiyyəti yüksək deyildi. Bu səbəbdən də ermənilər onu bağladılar. Amma müəssisənin ərazisində tullantılar var və çirklənməyə səbəb olur.

Bu çayın da su ehtiyatlarından daha səmərəli istifadə olunması üçün həcmi 50 milyon kubmetrə qədər olacaq “Bəxtiyarlı” su anbarının tikilməsi məqsədəuyğun sayılıb. 

–Ermənistanın transsərhəd çaylarını çirkləndirməsi ilə bağlı “düşmənçilik fəaliyyəti” beynəlxalq təşkilatlara çatdırılırmı? 

– Ölkəmizdə bu məsələ ilə bağlı dəfələrlə “həyəcan təbili” çalınıb. Beynəlxalq təşkilatlara danılmaz faktlar əsasında müraciətlər ünvanlanıb. 

Hələlik Ermənistan tərəfini məsuliyyətə cəlb etmək mümkün olmayıb. Çünki bu ölkə hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. 1992-ci ildə Finlandiyada qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. 

Bunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylarımızın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə beynəlxalq təşkilatlara müraciət edib. Ermənistan tərəfindən bölgənin unikal ekosisteminin məhvinə səbəb olan transsərhəd çirklənmənin qarşısını almağa çağırış edilib.

–Bu ilin sonunda Azərbaycan COP29 kimi böyük və vacib beynəlxalq tədbirə evsahibliyi edəcək. Tədbirdə bir sıra ekoloji problemlərin müzakirəsi nəzərdə tutulub. Bu problemlər arasında ölkəmizin su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması məsələsi də varmı?

–COP29-da dünyanı narahat edən bir çox ekoloji problemlər müzakirə olunacaq. Bunlar, əsasən, qlobal su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq və s. kimi bir çox digər vacib məsələlərdir. 

Şübhəsiz müzakirələrdə Ermənistanın ölkəmizin su ehtiyatlarını çirkləndirməsi dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. İnanıram ki, COP29-un bu problemin həllinə müsbət təsiri olacaq. 

Pünhan ƏFƏNDİYEV, 
Məsaim ABDULLAYEV
XQ

 



Müsahibə